37 tarixi əsər Türkiyəyə qaytarılır

37 tarixi əsər Türkiyəyə qaytarılır

Bakı. TurkicWorld:

37 tarixi əsər Türkiyəyə qaytarılır.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy məlumat verib.

"Türkiyə ilə İsveçrə arasında imzalanan mədəni irs əsərinin qaytarılması müqaviləsinə görə, Urartu dövrünə aid əşyalar və Roma dövrü maral heykəli də daxil olmaqla 37 ədəd əsərimiz olduğu torpaqlara qayıdır. Bir neçə saat ərzində İsveçrə səlahiyyətlilərindən alınacaq",- deyə nazir bildirib.

Qeyd edək ki, 2022-ci il noyabrın 15-də Ankarada Türkiyə ilə İsveçrə arasında Arxeoloji Mədəni İrsin Qanunsuz idxalının və tranzitinin qarşısının alınması və geri qaytarılması haqqında Saziş imzalanıb. Müqavilə ilə İsveçrə səlahiyyətliləri tərəfindən müəyyən edilən mədəniyyət sərvətlərinin Türkiyənin mütəxəssisləri tərəfindən araşdırılması və Anadolu mənşəli olanların Türkiyəyə qaytarılmasının təmin edilməsi mümkün olub.

Müqavilə ilə Urartu dövrünə aid tunc qablar, at qoşqu hissələri, Kusura tipli büt, maral heykəlciyi və Roma dövrünə aid gümüş vaza parçası da daxil olmaqla mədəniyyət sərvətləri Türkiyəyə qaytarılacaq.

Tarixi əsərlər, Türk Hava Yolları tərəfindən pulsuz daşınacaq. Böyük əhəmiyyət və dəqiqlik tələb edən daşıma əməliyyatı, sənət əsərləri üçün həssas yük otaqları olan Turkish Cargo-nun beynəlxalq sertifikatlı, ekspert qrupları tərəfindən həyata keçiriləcək.