Bakı. TurkicWorld:
Türkiyə daha da güclənməyə, bölgədə və dünyada söz sahibi olmağa davam edəcək.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.
"Xüsusilə illərdir terrorla bağlı olan Hakkari və Şırnak əhalisi terror bəlasından xilas oldu və gələcəkdə də bu ərazidə terrorun olmayacağına inam yaranıb. Terrorla mübarizədə əldə etdiyimiz uğurlar bölgədə terrorun sona çatacağına inamı daha da gücləndirib", - deyə o qeyd edib.
Türkiyəli nazir onu da bildirib ki, Qabardan artıq böyük miqdarda neft hasil edilir.
"Hazırda Cudi və Kato ərazisində daha böyük neft yatağının olduğu hesab edilir. Hakkaridə neft axtarış fəaliyyətlərinə başlanılıb. Siirt və Van vilayətlərində də kəşfiyyat işləri aparılır", - deyə o vurğulayıb.
Xatırladaq ki, mayın 2-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqindəki Şırnak əyalətinin Cudi və Qabar rayonlarında yeni neft ehtiyatlarının aşkar edildiyini açıqlayıb.
Ləman Əsədli
Twitter: lamanasadli01







