Bakı. TurkicWorld:
İraq İnkişaf Yolu Layihəsinin oktyabr ayında imzalanması gözlənilir.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu açıqlama verib.
"Türkiyənin aylardır İraq və Birləşmiş Ərəb Əmirlikləri ilə danışıqları davam edir. Layihə demək olar ki, hazırdır", - deyə o qeyd edib.
A.Uraloğlu onu da bildirib ki, İraqda nazirlər və ya baş nazir səviyyəsində görüşlər olacaq.
"İnkişaf Yolu Layihəsinin oktyabrda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İraqın baş naziri Məhəmməd Şiya əl-Sudani ilə görüşündə imzalanması gözlənilir. Maliyyə məsələsinə gəlincə, 1200 km dəmir yolu və paralel marşrut üzrə magistral yolun tikintisini planlaşdırırıq. Layihənin təxmini dəyəri 15-20 milyard dollardır. Həm Körfəzdən, həm də İraqdan maliyyənin təmin ediləcəyi mərhələyə çatmışıq. Layihədə türk podratçılar da iştirak edəcək", - deyə Uraloğlu vurğulayıb.
Qeyd edək ki, İnkişaf Yolu Layihəsi çərçivəsində Türkiyə ilə İraq arasında uzunluğu 1200 km olan avtomobil və dəmir yolu nəqliyyat dəhlizi yaradılacaq.
İraqı bu layihə ilə Türkiyə üzərindən dünyaya açılmağa sövq edən əsas amil zəngin neft və təbii qaz ehtiyatlarına malik olan İraqın körfəzdə dərin su limanı tikəcək sərhədlərinin olmamasıdır. Bu da ehtiyatların daşınmasında və satışında ciddi çətinliklərə səbəb olur.
Xatırladaq ki, İraqın baş naziri Məhəmməd əl-Sudani bu ilin may ayının sonunda Asiyanı Avropa ilə birləşdirəcək nəhəng nəqliyyat və infrastruktur layihəsi ilə bağlı açıqlama verib.
Ləman Əsədli
Twitter: lamanasadli01







