BAKI,TurkicWorld Orxan Qədirzadə
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Kipr məsələsi üzrə 5+1 formatında keçiriləcək növbəti görüşə yalnız konkret hazırlıq işləri başa çatdıqdan sonra keçilməsinin vacibliyini bildirib.
Quterreş bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Erhürman və Cənubi Kipr Rum Administrasiyasının (CKRA) lideri Nikos Hristodulidis ilə Lefkoşadakı BMT nəzarətində olan neytral zonada keçirdiyi görüşdən sonra keçirilən mətbuat konfransında danışıb.
BMT Baş katibi bildirib ki, tərəflər və zəmanətçi ölkələr 5+1 formatında görüşün keçirilməsinə prinsipial razılıq veriblər. Lakin onun sözlərinə görə, belə bir görüşdən əvvəl etimadın möhkəmləndirilməsi, metodoloji yanaşmaların hazırlanması və gündəliyin dəqiqləşdirilməsi istiqamətində konkret addımlar atılmalıdır.
Quterreş vurğulayıb ki, BMT Kiprdə sülhü tərəflərə məcburi şəkildə qəbul etdirə bilməz, lakin təşkilat adada və regionda sabitliyin qorunması üçün Kipr xalqına dəstəyini davam etdirəcək.
Baş katib qeyd edib ki, Kipr probleminin həlli təkcə ada sakinlərinin maraqlarına xidmət etmir, həm də Yaxın Şərq və Şərqi Aralıq dənizi regionunda artan geosiyasi gərginlik fonunda mühüm sabitləşdirici rol oynaya bilər.
O, həmçinin İtkin Şəxslər Komitəsinin və texniki komitələrin fəaliyyətini yüksək qiymətləndirərək, Türkiyə, Yunanıstan və Böyük Britaniyanın prosesə dəstəyinin əhəmiyyətini vurğulayıb.
Quterreş bildirib ki, sentyabrda keçiriləcək BMT Baş Assambleyası çərçivəsində Kiprlə bağlı ayrıca görüş planlaşdırılmır. Bununla belə, BMT zəmanətçi ölkələrlə birlikdə hərtərəfli və davamlı həll istiqamətində səylərini davam etdirəcək.
Baş katib BMT-nin Kiprdəki Sülhməramlı Qüvvələrinin (UNFICYP) fəaliyyətinin əhəmiyyətinə də toxunaraq, bütün tərəfləri missiyanın mandatına və fəaliyyətinə hörmətlə yanaşmağa çağırıb.
Görüşdən sonra ŞKTC Prezidenti Tufan Erhürman bildirib ki, BMT Baş katibinin şəxsi nümayəndəsi Maria Angela Holguinin səfəri ilə başlanacaq yeni danışıqlar mərhələsinə hazırdırlar. Onun sözlərinə görə, proses Türkiyə ilə sıx məsləhətləşmələr şəraitində davam etdiriləcək və bütün qərarlarda Kipr türk xalqının iradəsi əsas götürüləcək.




