Avropa Komissiyasından Aİ-nin Orta Dəhlizin modernizasiyasına dəstək ehtimalını bildiriblər

Avropa Komissiyasından Aİ-nin Orta Dəhlizin modernizasiyasına dəstək ehtimalını bildiriblər

Bakı. TurkicWorld:

Avropa İttifaqı (Aİ) Trans-Avropa Nəqliyyat Şəbəkəsinin (TEN-T) Qərbi Balkanlar və Şərq Tərəfdaşlığı regionunda Aİ ilə qonşu ölkələrə genişləndirilməsi üzrə layihələri müəyyən dərəcədə birgə maliyyələşdirə bilər.

Bu barədə TurkicWorld-ə Avropa Komissiyasından Aİ-nin Orta Dəhlizin modernizasiyasına dəstək ehtimalını şərh edərkən bildiriblər.

"Nəqliyyat infrastrukturunun planlaşdırılmasını və inkişafını əhatə edən indikativ investisiya planı beynəlxalq maliyyə təşkilatlarının investisiyalarını Qafqaz regionuna, o cümlədən Azərbaycana cəlb etməyə kömək edib. Aİ-nin Mərkəzi Asiya ilə dayanıqlı nəqliyyat əlaqələri üzrə tədqiqatının beynəlxalq təşkilatlar və özəl sektor tərəfindən regiondakı ayrı-ayrı layihələrə investisiya qoymasına daha da təkan verəcəyi gözlənilir", - deyə Avropa Komissiyasındakı mənbə bildirib.

Daha sonra təşkilatdan qeyd ediblər ki, Aİ bu yaxınlarda "Global Gateway" strategiyası çərçivəsində genişləndirilmiş Trans-Avropa Nəqliyyat Şəbəkəsi (TEN-T) ilə Mərkəzi Asiyanın beş ölkəsi arasında davamlı nəqliyyat əlaqələrinə dair tədqiqat dərc edib.

"Tədqiqatda Aİ-nin mövcud nəqliyyat şəbəkəsi ilə ən yaxşı və ən davamlı potensial birləşmələri öyrənilib. Tədqiqatın nəticələri bu məsələ ilə bağlı gələcək müzakirələr üçün möhkəm əsas təmin edib", - deyə Avropa Komissiyasından bildiriblər.

Təşkilatdan vurğulayıblar ki, Orta Dəhlizin bütün ölkələri arasında regional əməkdaşlıq xüsusən bütünlükdə Mərkəzi Asiya regionunun iqtisadi inkişafını dəstəkləmək və dəhlizin sadəcə tranzit marşrutu kimi fəaliyyət göstərməməsini təmin etmək üçün xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Orta Dəhliz Çin və Aİ ölkələrininin konteynerlərlə dəmir yolu yük daşımaları şəbəkələrini Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.

Çoxtərəfli, multimodal nəqliyyat infrastrukturu Xəzər dənizi və Qara dənizin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir.

Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük axınının artmasına səbəb olur.

Bu dəhlizlə hərəkət edən marşrut keçidi yükləri Çindən Avropaya orta hesabla 20-25 gün ərzində çatdırır və bu qeyd olunan nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.

(Tərcümə: Rəna Əbdürəhmanova)