BAKI,TurkicWorld
Orta Dəhlizi iqtisadi ekosistemə çevirmək lazımdır.
Bu haqda Avropa İttifaqının "Azərbaycanda ticarət sektorunun inkişafı: siyasət, məhdudiyyətlər və imkanlar" adlı hesabatında qeyd olunur.
Hesabatda bildirilir ki, son illərdə qlobal təchizat zəncirlərindəki dəyişikliklər və geosiyasi gərginlik fonunda Orta Dəhlizin əhəmiyyəti xeyli artıb, bu marşrut üzrə yükdaşımaların həcmi əhəmiyyətli dərəcədə yüksəlib.
"Azərbaycan Orta Dəhlizin ölkənin nəqliyyat və logistika imkanlarına çıxışını genişləndirmək üçün bir sıra mühüm tədbirlər həyata keçirib. Orta Dəhlizin üstünlüklərindən maksimum yararlanmaq üçün yüklərin ölkə ərazisindən tranzit keçdiyi marşrutdan yüklərin, kapitalın, texnologiyaların və istehsalın ölkə daxilində əlavə dəyər yaratdığı iqtisadi ekosistemə çevrilməsini hədəfləyən uzunmüddətli siyasətə ehtiyac var. Bu transformasiya dəhlizin yalnız tranzit funksiyasını yerinə yetirən marşrutdan genişmiqyaslı iqtisadi dəhlizə çevrilməsinə imkan verəcək", - hesabatda qeyd olunub.
Tədqiqatın müəllifləri izah edirlər ki, yalnız tranzitdən əldə olunan gəlirlər əsasən dəmir yolu, liman, avtomobil nəqliyyatı və logistika xidmətləri hesabına formalaşır. İqtisadi dəhliz modeli isə istehsal, malların qablaşdırılması və çeşidlənməsi, təkrar ixrac, anbar və distribusiya xidmətləri, maliyyə və sığorta xidmətləri, tədqiqat və işləmələr, texnoloji xidmətlər, eləcə də təmir və texniki xidmətlər daxil olmaqla əlavə fəaliyyət sahələrinin inkişafı hesabına daha yüksək əlavə dəyər yaradır.
Hesabat müəlliflərinin fikrincə, Ələt Azad İqtisadi Zonası, sənaye parkları və məhəllələri, aqroparklar, logistika infrastrukturu və investisiyaların təşviqi mexanizmləri Azərbaycanda bu transformasiya üçün artıq mühüm zəmin formalaşdırır.
"Növbəti mərhələdə əsas diqqət bu imkanların vahid iqtisadi sistemdə birləşdirilməsinə, iqtisadi mərkəzlər arasında bir-birini tamamlayan istehsal və xidmət sahələrinin inkişafına, eləcə də regional dəyər zəncirlərinin formalaşdırılmasına yönəldilməlidir. Bu tədbirlər uğurla həyata keçirilərsə, Orta Dəhliz Azərbaycanın tranzit gəlirlərini artırmaq vasitəsi olmaqla yanaşı, qeyri-neft sənayesinin, ixracın inkişafının və xarici investisiyaların cəlb edilməsinin əsas hərəkətverici qüvvələrindən birinə çevrilə bilər", - hesabatda vurğulanıb.







