Son dəqiqə

Azərbaycan Özbəkistan Orta Dəhliz Ləziz Kudratov investisiyalar

Özbəkistan Orta Dəhlizə yönəlir - Azərbaycanla yeni layihələr hazırlanır

BAKI,TurkicWorld

Orta Dəhliz Özbəkistan üçün ən cəlbedici nəqliyyat marşrutlarından biridir.

Bunu Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov Bakıda keçirilən AIIF 2026 çərçivəsində “Etibarlılığın bərpası parçalanmış dünyada: Azərbaycan regionlar arasında strateji qapı kimi” mövzusunda panel müzakirəsində bildirib.

Nazir qeyd edib ki, geosiyasi gərginliklər Özbəkistanın Avropaya yükdaşımalarının müddətini əhəmiyyətli dərəcədə artırıb. Hazırda Özbəkistandan Avropaya yükün çatdırılması ən azı 20 gün çəkir.

“Biz nəqliyyat dəhlizlərimizi şaxələndiririk. Bizim üçün ən cəlbedici istiqamətlərdən biri Orta Dəhlizdir”, – Kudratov deyib.

Onun sözlərinə görə, son iki-üç ildə Orta Dəhliz üzrə yükdaşımaların həcmi iki dəfə artıb, bu il isə təxminən 30 faizlik artım müşahidə olunur.

Kudratov Azərbaycanın Orta Dəhlizin inkişafındakı rolunu xüsusi vurğulayaraq, Özbəkistanın Azərbaycanla bu istiqamətdə əməkdaşlığı genişləndirmək və yeni investisiyalar yatırmaq niyyətində olduğunu bildirib.

Azərbaycan–Özbəkistan əməkdaşlığı genişlənir

Nazir iki ölkə arasında əlaqələrin yalnız logistika ilə məhdudlaşmadığını qeyd edib. Onun sözlərinə görə, Özbəkistan Azərbaycanda tekstil və avtomobil sənayesinə, Azərbaycan isə Özbəkistanda mədənçilik, enerji və digər sahələrə investisiya yatırır.

Kudratov region daxilində ticarətin genişləndirilməsinin də prioritet olduğunu bildirib. Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 13 milyard dollara çatdığını deyən nazir, 2030-cu ilədək bu göstəricinin 20 milyard dollara yüksəldilməsinin hədəfləndiyini açıqlayıb.

Mərkəzi Asiyadan Avropaya “yaşıl enerji” xətti

Özbəkistanlı nazir enerji təhlükəsizliyinin də ölkəsi üçün əsas prioritetlərdən olduğunu bildirib. Hazırda elektrik enerjisi istehsalında bərpa olunan mənbələrin payı təxminən 30 faizdir.

Kudratov 2030-cu ilədək günəş, külək, hidroenerji və qazın ümumi enerji istehsalında payının 54 faizə çatdırılacağını deyib.

O, Azərbaycanla Mərkəzi Asiyadan Avropaya “yaşıl” elektrik enerjisinin çatdırılması üzrə birgə layihənin müzakirə və inkişaf etdirildiyini açıqlayıb.

“Bu istiqamətdə işlər sürətlə irəliləyir”, – deyə nazir vurğulayıb.

Mövzuya görə xəbərlər