TRACECA multimodal nəqliyyatın səmərəliliyinin təmin edilməsi üzrə işləri müzakirə edib

TRACECA multimodal nəqliyyatın səmərəliliyinin təmin edilməsi üzrə işləri müzakirə edib

Bakı. TurkicWorld:

TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyi tərəfdaşlarla birlikdə Mərkəzi Asiya ölkələrinin, eləcə də Azərbaycan və Gürcüstanın özəl sektorundan iştirakçı nümayəndələri arasında ticarət yolları üçün ən yaxşı ssenarilər üzrə tövsiyələrin hazırlanmasını müzakirə edib.

TurkicWorld xəbər verir ki, bu barədə TRACECA-nın mətbuat xidmətindən bildirilib.

Gecikmələrin azaldılması və tranzit prosedurlarının təkmilləşdirilməsi məqsədilə gömrük prosedurlarının və sərhəd keçidinin uyğunlaşdırılması, eləcə də elektron informasiya mübadiləsinin təşviqi məsələləri nəzərdən keçirilib.

Hökumətlərarası Komissiyanın Daimi Katibliyinin baş katibi Asset Asavbayev çıxışı zamanı qeyd edib ki, əsas fəaliyyət istiqamətləri multimodal daşımaların inkişafı, dəhlizin rəqəmsallaşdırılması və dəniz daşımalarının səmərəliliyinin artırılmasıdır.

"Multimodal daşımaların inkişafı üçün həm infrastruktur layihələrinə birbaşa investisiyalar, həm də daşımaların maya dəyərinin azaldılması və rəqabət qabiliyyətinin artırılmasına yönəlmiş kompleks tədbirlər səmərəlidir. TRACECA çərçivəsində biz multimodal daşımaların nümayəndələri arasında koordinasiya məsələlərinə kifayət qədər diqqət yetiririk. Daimi Katiblik regionda daha böyük və daha səmərəli əlaqəni təmin etmək üçün əməkdaşlığa hazır olduğunu ifadə edir", - deyə o bildirib.

Mətbuat xidmətinin məlumatında bildirilir ki, tədbirin yekunu olaraq, cəlb edilən bütün nəqliyyat növlərini təmsil edən müvafiq maraqlı tərəflərin daxilolma məlumatlarını və tövsiyələrini, habelə hökumətlərin və beynəlxalq təşkilatların mövqeyini və prioritet fəaliyyətlərini özündə əks etdirən vahid fəaliyyət planının hazırlanması gözlənilir.

Qeyd edək ki, iyulun 27-28-də Tbilisidə (Gürcüstan) Transxəzər ticarət marşrutunun multimodal daşımalarında iştirakçılar arasında koordinasiyanın təkmilləşdirilməsi və onun istifadəsi və genişləndirilməsi üçün müvafiq multimodal ssenarilərin müəyyən edilməsi məqsədilə tədbir keçirilib.