Son dəqiqə

TRACECA COP29

Türkiyə və Gürcüstanın dəmir yolu İT sistemlərinin inteqrasiyası istiqamətində fəal iş aparılır - TRACECA

Bakı. TurkicWorld:

Türkiyə və Gürcüstanın dəmir yolu İT sistemlərinin inteqrasiyası istiqamətində fəal iş aparılır.

TurkicWorld xəbər verir ki, bunu TRACECA-nın baş katibi Aset Asavbayev COP29 çərçivəsində "Dayanıqlı və rəqəmsal Orta Dəhliz və ondan kənar" mövzusunda yüksək səviyyəli dəyirmi masada deyib.

“TRACECA-ya üzv ölkələrin milli infrastrukturun inkişafında əldə etdiyi təsirli irəliləyişlərə və bu sahəyə artıq qoyulmuş əhəmiyyətli investisiyalara baxmayaraq, bizim sərhəd infrastrukturumuzun imkanları rahat və səmərəli tranzitin təmin edilməsi üçün tələblərə cavab verməlidir”, - o bildirib.

Baş katib rəqəmsal əlaqənin və elektron məlumat mübadiləsinin gücləndirilməsinin vacib olduğunu qeyd edib.

“Bu, dəhlizin bütün ölkələrinin prioritet hesab etməli olduğu mühüm sahədir, dayanıqlı informasiya axını olmadan tam hüquqlu rəqəmsal dəhlizin yaradılması əlçatmaz məqsəd olaraq qalacaq”, - Asavbayev bildirib.

O qeyd edib ki, ötən ay TRACECA Azərbaycan və Gürcüstanın səkkiz İT sisteminin inteqrasiyasını başa çatdırıb:

"Hazırda Türkiyə və Gürcüstanın dəmir yolu İT sistemlərinin inteqrasiyası istiqamətində fəal iş aparılır".

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Mövzuya görə xəbərlər