Azərbaycan Türkiyə Ermənistan ABŞ Ceyhun Bayramov COP29 Bakı İqlim Fəaliyyəti Həftəsi (BİFH) COP31 AzərbaycanErmənistan Ermənistan-Azərbaycan münasibətləri

Azərbaycanın Ermənistanla normallaşma istiqamətində atdığı addımlar sülh prosesinin göstəricisidir - Ceyhun Bayramov

BAKI,TurkicWorld

Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması istiqamətində atdığı addımlar sülh prosesinin göstəricisidir

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "2026 Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026)" çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə toxunan nazir Azərbaycanın sülh istiqamətində atdığı addımların artıq konkret nəticələr verdiyini bildirib.

"Ötən il hər bir Azərbaycan vətəndaşının yaxşı yadında olan tarixi Vaşinqton sammiti keçirildi. Orada çox önəmli tarixi sənədlər, qərarlar qəbul edildi və mühüm mesajlar verildi. Həmin tarixi Vaşinqton sammiti zamanı Prezident İlham Əliyev Ağ Evdə çıxışı zamanı qeyd etdi ki, Azərbaycan üçün sülh artıq baş verib", - deyə C.Bayramov bildirib.

Nazir qeyd edib ki, bundan sonrakı hadisələr də Azərbaycanın bu yanaşmasının və atdığı birtərəfli addımların normallaşma prosesinə töhfə verdiyini göstərib.

"Ermənistan-Azərbaycan normallaşması prosesində oktyabr ayından başlayaraq tranzit yüklərin Ermənistana və Ermənistandan Azərbaycan ərazisi üzərindən keçirilməsinə məhdudiyyətlərin aradan qaldırılması, daha sonra Azərbaycandan neft məhsullarının Ermənistana ixracının başlanması, hazırda isə həmin nomenklaturanın genişləndirilməsi istiqamətində önəmli addımlar atılıb", - deyə nazir vurğulayıb.

C.Bayramovun sözlərinə görə, vətəndaş cəmiyyəti nümayəndələrinin görüşləri, eləcə də müxtəlif dövlət rəsmiləri arasında həm Ermənistan, həm də Azərbaycan ərazisində keçirilən görüşlər normallaşma prosesinin irəlilədiyini göstərir.

"Bunların hamısı onun bariz nümunəsi və göstəricisidir", - deyə o bildirib.

Nazir Vaşinqton sammiti zamanı Azərbaycan Prezidenti və Ermənistan Baş naziri tərəfindən imzalanmış, ABŞ Prezidenti tərəfindən isə şahid qismində imzalanmış birgə bəyanata da diqqət çəkib.

"Orada qeyd olunub ki, sülh sazişinin paraflanmasından sonra – bu, ötən ilin avqust ayında baş tutub – prosesin başa çatdırılması üçün ehtiyac duyulan addımlar tamamlanmalıdır. Burada, təbii ki, Ermənistanda referendumun keçirilməsi və yeni Konstitusiyanın qəbul edilməsi ehtiva olunur", - deyə C.Bayramov qeyd edib.

O bildirib ki, bunun vaxtı və zamanı Ermənistanın daxili prosesidir.

"Biz, o cümlədən, ictimai məkanda Ermənistan rəhbərliyi tərəfindən bu istiqamətdə müxtəlif mesajlar eşidirik. Bu ilin əvvəlində Ermənistanda keçirilən seçkilərdən sonra Ermənistan Baş naziri çıxışlarında ilin sonuna kimi Konstitusiya dəyişiklikləri mətninin ictimaiyyətə açıqlanması, daha sonra isə referendumun keçirilməsi ilə bağlı yeni mesajlar verdi", - deyə nazir bildirib.

C.Bayramov vurğulayıb ki, sözügedən proses Ermənistan tərəfindən həyata keçirilməlidir.

"Biz burada bu prosesi izləyəcəyik, gözləyirik və bizim yanaşmamız dəyişməz olaraq qalır. Prosesin tam başa çatdırılması və sülh sazişində son imzaların atılması üçün, təbii ki, biz bu prosesi gözləyəcəyik", - deyə Azərbaycanın xarici işlər naziri əlavə edib.

Nazir Azərbaycanın COP prezidentliyi çərçivəsində beynəlxalq əməkdaşlığa verdiyi töhfələrdən danışıb.

"Keçən il Belen şəhərində dəyərli həmkarların iştirakı ilə tədbir həyata keçirilib. COP29 zamanı Azərbaycan Prezidentinin dövründə irəli sürülən təşəbbüslərin davam etdirilməsi məqsədilə Azərbaycan, Kolumbiya və Braziliya ilə birlikdə Belen üçün iqlim istiqamətində yol xəritəsi hazırlanıb. Ötən il COP29 tərəfindən həmin yol xəritəsinin ictimaiyyətə təqdimatı da keçirilib", - deyə C.Bayramov bildirib.

Onun sözlərinə görə, bu həftə ərzində Azərbaycan, Türkiyə, Braziliya və Avstraliyanın COP prezidentliklərinin birgə iştirakı ilə çoxsaylı tədbirlər keçirilir.

"Bildiyiniz kimi, iqlim mövzusunda dünyanın ən böyük və ən mühüm tədbirlərindən biri olan COP31 noyabr ayında Avstraliyanın ev sahibliyi ilə keçiriləcək. Bu baxımdan Azərbaycanla qardaş Türkiyə arasında çox sıx əlaqələr mövcuddur. Biz Antalyada keçiriləcək COP31-ə tam dəstəyimizi ifadə edirik və hazırlıq prosesində çox fəal iştirak edirik", - deyə nazir qeyd edib.

C.Bayramov Avstraliyanın da iqlim gündəliyində fəal iştirak etdiyini vurğulayıb.

"Avstraliya həm bu gün, həm də ümumilikdə İqlim Həftəsi çərçivəsində Azərbaycanda keçirilən tədbirlərdə çox fəal iştirak edir. Bu gün açılış mərasimində də Avstraliya tərəfindən çıxış oldu", - deyə o əlavə edib.

Mövzuya görə xəbərlər