TRACECA çərçivəsində Azərbaycan ərazisindən yükdaşımalar 23 milyon tonu ötüb

TRACECA çərçivəsində Azərbaycan ərazisindən yükdaşımalar 23 milyon tonu ötüb

2021-ci ilin yanvar-iyul aylarında Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşımalarının həcmi 23,67 milyon ton təşkil edib, yük dövriyyəsi isə 5,5 milyard ton-kilometrə çatıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yük daşımalarının həcmi 3,3 faiz azalıb.

Yük daşımalarının ümumi həcminin 13,308 milyon tonu (56,2 faiz) avtomobil nəqliyyatının payına düşüb.

Dəmir yolu nəqliyyatının payına bütün daşımaların 32,5 faizi (7,679 milyon ton) düşüb.

Hesabat dövründə dəniz daşımalarının payına düşən yüklərin ümumi həcmi 11,3 faiz - 2,682 milyon ton təşkil edib.

TRACECA-nın Azərbaycan hissəsində yük daşımalarının 5,311 milyon tonu (22,4 faiz) tranzit yükdaşımalarının payına düşüb.