Bakıda bədii gimnastika üzrə AGF Trophy beynəlxalq turnirinin təntənəli açılış mərasimi olub

Bakıda bədii gimnastika üzrə AGF Trophy beynəlxalq turnirinin təntənəli açılış mərasimi olub

Bakı. TurkicWorld:

Cümə günü, aprelin 14-də Bakıda yerləşən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 3-cü AGF Trophy beynəlxalq turnirinin təntənəli açılış mərasimi olub.

TurkicWorld bu barədə cümə günü xəbər verir.

Mərasimdə bədii gimnastika üzrə AGF Trophy beynəlxalq turnirində iştirak edən ölkələr təmsil olunub. Azərbaycanın Dövlət himni səslənib.

Qeyd edək ki, yarışlar 14-16 aprel tarixlərində keçiriləcək. Yarışlarda dünyanın 14 ölkəsindən 119 gimnast iştirak edəcək. Gənc bədii gimnastlarla yanaşı, böyükyaşlı bədii gimnastlar da çıxış edəcəklər.

Azərbaycanı turnirdə 20-si fərdi (6 böyüklər, 14 gənclər), 18-i qrup hərəkətləri üzrə (1 böyüklər, 2 gənclər qrup komandası) olmaqla ümumilikdə 38 gimnast təmsil edəcək.

Qaliblər çoxnövçülük, komanda hesabı və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.

Qeyd edək ki, Azərbaycanda gənclər arasında "AGF Junior Trophy" Beynəlxalq turniri ilk dəfə 2018-ci ildə, daha sonra isə 2019-cu ildə keçirilib. Böyükyaşlı gimnastlarımız üçün turnir həm də 21-23 aprel tarixlərində Bakıda keçiriləcək bədii gimnastika üzrə FIG Dünya Kuboku öncəsi sınaq xarakteri daşıyacaq.