Qubadan növbəti humanitar yardım Türkiyəyə yola salınıb

Qubadan növbəti humanitar yardım Türkiyəyə yola salınıb

Bakı. TurkicWorld:

Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra təsis edilən “Qardaş Koməyi” platformasına Azərbaycanın bir çox bölgələri kimi Qubadan da yardımlar göndərilib. Bu dəfə də bu ənənəyə sadiq qalan qubalılar Türkiyədəki qardaşlarımıza kömək məqsədilə “Qardaş Köməyi” platformasına növbəti dəfə yardım göndəriblər.

TurkicWorld-un məlumatına görə, yardım Qubadakı “Türkiyə-Azərbaycan Qardaşlıq Parkından” göndərilib.

Qeyd edək ki , zəlzələdən üç gün sonra Quba şəhəri sakinləri Türkiyədə baş verən zəlzələ ilə bağlı yardım toplayıblar.
Məlumat üçün bildirək ki, Qubadakı “Türkiyə-Azərbaycan Qardaşlıq Parkı” 2021-ci ilin may ayında istifadəyə verilib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.

Zəlzələnin ilk günü - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb. Fevralın 8-də isə Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə göndərilib. Bunlardan əlavə mobil səhra hospitalı və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi heyət, insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb. Daha sonra yardım məqsədilə 13 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi də Türkiyə yola salınıb.

Eyni zamanda Birinci xanım Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım edir.
Bakıda, Gəncədə, Naxçıvanda Türkiyəyə yardım məqsədilə toplama məntəqələri yaradılıb. Azərbaycan vətəndaşları könüllü şəkildə bu yardım məntəqələrinə gələrək yardımlarını edirlər.