QARDAŞ KÖMƏYİ öz tarixi missiyasını davam etdirir

QARDAŞ KÖMƏYİ öz tarixi missiyasını davam etdirir

Bakı. TurkicWorld:

Qardaş Köməyi təşkilatı birinci dünya müharibəsi (1914-1918) illərində Azərbaycanın bir sıra yaşayış məntəqələrində fəaliyyət göstərmişdir. Təşkilatın əsas məqsədi müharibədə əsir düşmüş türk əsgərlərinə, kimsəsizlərə yardım etmək, müalicə olunmalarına kömək göstərmək, onları ərzaqla, geyimlə təmin edib vətənlərinə yola salmaq idi. Cəbhə bölgələrində sahibsiz qalmış türk uşaqlarını toplayıb uşaq evlərinə göndərirdi.

Təşkilatın Bakı şöbəsi Nargin adasında saxlanılan türk əsirlərinin azad olunmasında böyük şücaət göstərmişdir. Belə ki, gecələr kiçik qayıqlarda Nargin adasına yan alan azərbaycanlılar yüzlərlə əsiri azad edib Türkiyəyə yola salmağa nail olmuşdular. Əsirlərin bəziləri vətənlərinə qayıtmaqdan imtina edərək, Azərbaycanı özlərinə vətən seçmişdilər. O cümlədən, iki türk əsiri azad olunduqdan sonra Mərdəkanda qalmış, ailə qurmuş və XX əsrin sonlarınadək yaşamışlar. Onların törəmələri Mərdəkanda böyük bir nəsil halında yaşamaqdadır.

Birinci dünya müharibəsi zamanı Osmanlı dövləti ölüm qalım savaşı verərkən Azərbaycan aydınları qurduğu xeyriyə cəmiyyətləri, milli komitələrlə Anadoludakı qardaşlarının yardımına tələsmişdir. Qars , Ardahan kimi şəhərlərdən yetim qalan uşaqlar gətirilib Gəncə və Bakıda Müsəlman Xeyriyyə Cəmiyyətlərinin açdığı məktəblərə yerləşdirilmişdir. Hacı Zeynalabdin Tağıyev , Musa Nağıyev Balkan müharibələri zamanı köçkün düşən müsəlman uşaqları üçün Ədirnədə Darül Eytamlar( yetimlər evi) açdırmışdır. Təşkilat 1917- ci ildə "Qardaş köməyi" adlı jurnal da nəşr etdirmişdir. Jurnalın bir nüsxəsi İstanbulda mühafizə olunur.

" Qardaş köməyi " çətin günlərin qardaşlığının sloqanıdır.

Hər zaman olduğu kimi, 6 Fevral 2023-cü ildə qardaş Türkiyədə baş verən zəlzələdən sonra, ilk dəqiqələrdən etibarən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi və çağırışı ilə Azərbaycan xalqı tək millət olaraq bütün gücüylə səfərbər oldu. Azərbaycanda fəaliyyət göstərən iş insanları da ən qısa zamanda baş vermiş təbii fəlakət nəticəsində çarəsiz qalan qardaşlarının, soydaşlarının köməyinə çatmaq üçün tələsirdi. Vəziyyəti dəyərləndirmək və mümkün dəstəklərini müzakirə etmək məqsədilə MÜSİAD Azərbaycan Bakı ofisində on iki qeyri-hökumət təşkilatının təmsilçilərinin iştirakı ilə toplantı həyata keçirilmişdir.
Azərbaycan Sahibkarlar Konfederasiyası başda olmaqla, toplantıda iştirak edən MÜSİAD Azərbaycan, ATİB, TUİB, Türkiyə Universitetləri Məzunları İctimai Birliyi, Azərbaycan Əczaçılar Klubu, Gəncliyə Yardım Fondu, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası, Müasir İnkişaf Birliyi, KOBSKA, Türkiyə Məzunu Ziyalılar və İş Adamları Platformu, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə Birliyinin təmsilçilər ilə yekunda "Qardaş Köməyi" platformasının yaradılmasıyla bağlı qərar qəbul edir. Platformanın məqsədi təbii fəlakət nəticisəndə zərər görən Türkiyəli qardaşlarına əlindən gələn dəstəyi vermək idi.

Sonradan dəstək vermək üçün platformaya bütün qeyri-hökümət təşkilatları, iş insanları, assosiasiyalar da qatılaraq dəstəklərini əsirgəmədilər.
Bu gün qeyd olunan təşkilatlarla yanaşı Azərbaycan xalqının bütün üzvləri platformanın fəaliyyətinə maddi-mənəvi dəstəklərini əsirgəmirlər. Bütün güclərini səfərbər edərək " Səninləyik Türkiyə " deyirlər.
Əsrlər boyu xalqlarımız həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmiş, ulu öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, "bir millət, iki dövlət" olmuşlar.
Təsadüfi deyildir ki, Türkiyə dövlətinin qurucusu dahi Mustafa Kamal Atatürk Azərbaycanın kədərini Türkiyənin kədəri, sevincini isə Türkiyənin sevinci hesab etmişdir.

Türkiyəyə yüzlərlə tır, təyyarə göndərən " Qardaş Köməyi " öz tarixi missiyasını davam etdirir.