Son dəqiqə

Zəfər Günü

Zəfər Günü münasibətilə Zəfər parkına ziyarət başlayıb

Bakı,TurkicWorld

8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda Zəfər parkına ziyarət başlayıb.

TurkicWorld-un müxbiri xəbər verir ki, günün ilk saatlarından etibarən dövlət və hökumət nümayəndələri, eləcə də vətəndaşlar parkı ziyarət edərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anırlar.

Ziyarətçilər Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümündə şəhidlərimizin fədakarlığını minnətdarlıqla yad edir, onların ölkəmizin tarixindəki müstəsna xidmətlərinə ehtiramlarını bildirirlər.

Zəfər Günü xalqımızın qəhrəmanlığının, birliyinin və mübarizə əzminin təcəssümü olmaqla yanaşı, Azərbaycanın şanlı hərb tarixinin ən parlaq səhifələrindən biridir.

Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusu 44 gün ərzində işğal altında olan çoxsaylı şəhər, qəsəbə və kəndləri azad edib. Noyabrın 8-də Şuşanın azad olunması müharibənin gedişində həlledici hadisələrdən biri olub və Azərbaycanın tarixi Qələbəsini şərtləndirib.

Şuşanın azad edildiyi 8 noyabr tarixi Azərbaycanda hər il Zəfər Günü kimi qeyd olunur.

Mövzuya görə xəbərlər