Bakı,TurkicWorld
8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə Türkiyə Respublikasının İğdır şəhərində silsilə tədbirlər keçirilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfəri qeyd etmək üçün İğdır şəhərinin mərkəzində minlərlə insanın qatıldığı yürüş olub.
İştirakçılar İğdır şəhərinin əsas küçə və prospektləri boyunca hərəkət edərək Azərbaycan və Türkiyənin Dövlət bayraqlarını dalğalandırıblar.
Yüksək əhval-ruhiyyə və böyük coşqu ilə keçən yürüşdə tarixi Qələbənin regionda yeni reallıqlar yaratdığı, 8 Noyabr – Zəfər Gününün isə xalqımızın qəhrəmanlıq salnaməsinin ən şanlı səhifələrindən biri olduğu vurğulanıb. "Bir millət, iki dövlət" şüarı səsləndirilərək sarsılmaz həmrəylik nümayiş etdirilib.
İğdırda Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi qələbənin altıncı ildönümünə həsr olunan daha bir təntənəli tədbir keçirilib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının Qars şəhərindəki Baş Konsulluğunun, İğdır Valiliyinin və İğdır Azərbaycan Evinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Türkiyənin dövlət və ictimaiyyət nümayəndələri, diaspor fəalları, şəhid ailələrinin üzvləri və şəhər sakinləri iştirak edib.
Tədbir hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlayıb.
Ardınca Qarabağ müharibəsində qazanılan tarixi qələbədən, Şuşanın azad edilməsindən və Xarıbülbülün xalqımızın milli birliyinin, Zəfərin və şəhidlərimizin əziz xatirəsinin rəmzinə çevrilməsindən bəhs edən sənədli film nümayiş olunub.
Sonra Azərbaycanın Qarsdakı Baş konsulu Qoşqar Zeynalov, 2023-cü il sentyabrın 19-da keçirilən antiterror tədbirlərində Ağdam istiqamətində şəhid olan baş leytenant Elçin İbrahimlinin anası Aynurə İbrahimli və İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar çıxış edib. Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin əhəmiyyətindən bəhs olunub, torpaqlarımızın işğaldan azad edilməsinin xalqımızın milli iradəsinin, birliyinin və həmrəyliyinin təntənəsi olduğu vurğulanıb. Eyni zamanda, Azərbaycan ilə Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətlərinin, ortaq tarix, milli və mənəvi dəyərlərin əhəmiyyətinə diqqət çəkilib.
Bildirilib ki, Zəfər Günü yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının qürur və sevinc günüdür.
Bədii hissədə Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının konsert proqramı təqdim olunub. Azərbaycan musiqi nümunələri və milli rəqslər iştirakçılara bayram əhval-ruhiyyəsi yaşadıb.
Tədbir çərçivəsində İğdır Valiliyinin təşkil etdiyi "Xarıbülbül" sənətkarlıq sərgisi də iştirakçıların marağı ilə qarşılanıb. Sərgidə Azərbaycan xalqının zəngin mədəni irsini, milli sənətkarlıq ənənələrini və Qarabağın rəmzlərini əks etdirən əl işləri nümayiş olunub.
İğdırda keçirilən silsilə tədbirlər Azərbaycanın Zəfər sevincinin Türkiyədə yaşayan soydaşlarımız və qardaş ölkənin ictimaiyyəti ilə bölüşülməsi, Azərbaycan–Türkiyə qardaşlığının, milli həmrəyliyin və ortaq dəyərlərin bir daha nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyıb.







