Bakı,TurkicWorld
8 Noyabr – Zəfər Günü ərəfəsində Laçın rayonunda yaşayan şəhid ailələrinə baş çəkilib.
TurkicWorld-un Qarabağ bürosunun məlumatına görə, ziyarətlərdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Rafiq Salmanov, müvafiq qurumların əməkdaşları və bir sıra təşkilatların nümayəndələri iştirak ediblər.
Görüş iştirakçıları əvvəlcə Azərbaycanın Milli Qəhrəmanı Oqtay Güləliyevin ailəsini ziyarət ediblər. Şəhidin həyat yoldaşı Afət Novruzova ilə söhbət zamanı onun Vətən qarşısındakı xidmətləri və qəhrəmanlıq yolu yad edilib, ailənin qayğıları ilə maraqlanılıb.
Görüşdə Vətən müharibəsində Azərbaycan Ordusunun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən bəhs olunub. Qeyd edilib ki, Zəfər minlərlə Vətən övladının canı və qanı, Azərbaycan əsgər və zabitlərinin igidliyi və rəşadəti hesabına əldə edilib.
Daha sonra Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdiyevin ailəsinə baş çəkilib. Həyat yoldaşı Hökumə Şahverdiyeva ilə görüşdə Milli Qəhrəmanın döyüş yolu və Vətən qarşısındakı xidmətləri xatırlanıb, ailənin qayğıları dinlənilib.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Gün ərzində Laçında yaşayan digər şəhid ailələri də ziyarət olunub, onlarla görüşlər keçirilib və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.







