BAKI,TurkicWorld
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), beynəlxalq innovasiya şirkəti “Plug and Play”in birgə təşkilatçılığı, AZCON Holding-in portfel şirkətləri olan “Bakı Metropoliteni” QSC və “Azərbaycan Dəmir Yolları” QSC-nin iştirakı ilə “Plug and Play × IDDA – Industry Challenge” innovasiya vörkşopu keçirilib. Vörkşop dövlət qurumları, böyük şirkətlər, startaplar və beynəlxalq innovasiya oyunçularını təmsil edən 50-yə yaxın nümayəndəni bir araya gətirib.
TurkicWorld İRİA-nın təqdim etdiyi məlumata istinadən xəbər verir ki, iki gün davam edən vörkşopda nəqliyyat sahəsində qarşıya çıxan aktual çağırışların müəyyənləşdirilməsi, onların həllində innovativ texnologiyaların və startap məhsullarının tətbiqinin araşdırılması, həmçinin gələcək pilot layihələr üçün praktik fəaliyyət istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. Vörkşop çərçivəsində açıq innovasiya, süni intellekt, “Venture Client” modeli, pilot layihələrin həyata keçirilməsi və innovasiya portfelinin idarə olunması mövzuları müzakirə edilib, beynəlxalq təcrübədən qabaqcıl nümunələr təqdim olunub.
İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov çıxışı zamanı vörkşopun əhəmiyyətini vurğulayaraq bildirib ki, innovativ həllər nəqliyyat sahəsində xidmətlərin keyfiyyətinin və əməliyyat səmərəliliyinin yüksəldilməsi üçün yeni imkanlar yaradır:
“Bu vörkşop nəqliyyat sektorunun real çağırışları ilə müasir texnoloji imkanlar arasında körpü yaradır. İRİA olaraq innovativ həllərin tətbiqi üçün əlverişli mühitin formalaşdırılmasını, dövlət qurumları, özəl sektor, startaplar və beynəlxalq innovasiya tərəfdaşları arasında əməkdaşlığın genişləndirilməsini dəstəkləyirik. Məqsədimiz bu əməkdaşlığın konkret pilot təşəbbüslərə və praktik nəticələrə çevrilməsinə töhfə verməkdir”.
“Plug and Play”in açıq innovasiya istiqaməti üzrə direktoru Fabiola Gulli iştirakçılarla korporativ innovasiya sahəsində beynəlxalq təcrübə, böyük şirkətlərlə startaplar arasında əməkdaşlıq mexanizmləri və yeni texnoloji həllərin sınaqdan keçirilməsi modelləri üzrə ətraflı məlumat verib. Fabiola Gulli vörkşopun Azərbaycanın innovasiya ekosistemi üçün müstəsna dəyər yaratdığına diqqət çəkib:
“Biz sessiyalar zamanı iştirakçılarla birlikdə konkret ehtiyacları nəzərdən keçirdik, beynəlxalq təcrübədə özünü təsdiq etmiş yanaşmaları müzakirə etdik və potensial həll istiqamətlərini müəyyənləşdirdik. Azərbaycandakı təşkilatların innovasiyaya və startaplarla əməkdaşlığa açıq yanaşması yeni pilot layihələrin həyata keçirilməsi üçün olduqca böyük potensial formalaşdırır”.
Vörkşop əsnasında “Azərbaycan Dəmir Yolları” QSC və “Bakı Metropoliteni” QSC-nin nümayəndələri ilə baş tutan sessiyalarda qurumların mövcud çağırışları və onların həllində qabaqcıl texnologiyaların tətbiqi imkanları nəzərdən keçirilib. Yekunda prioritet innovasiya istiqamətləri və potensial pilot təşəbbüsləri müəyyənləşdirilib.
Qeyd edək ki, “Plug and Play × IDDA – Industry Challenge” vörkşopu Azərbaycan Respublikasında Rəqəmsal İnkişafın Sürətləndirilməsinə dair 2026 − 2028-ci illər üçün təsdiq edilmiş Fəaliyyət Planının icrası ilə əlaqədar olaraq “Openwave Açıq İnnovasiya” proqramı çərçivəsində reallaşdırılıb. Məqsəd dövlət, özəl sektor və startap ekosistemi arasında əməkdaşlığın gücləndirilməsi, qabaqcıl texnologiyaların praktik tətbiqinin təşviqi və nəqliyyat sektorunun çağırışlarına uyğun innovativ həllərin müəyyənləşdirilməsidir.





