Son dəqiqə

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

RİNN və “Wonderful” dövlət sektorunda Sİ-nin tətbiqini genişləndirmək üçün memorandum imzalayıb

Bakı,TurkicWorld

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) ilə böyük müəssisələr, eləcə də strateji əhəmiyyətli təşkilatlar üçün süni intellekt əməliyyat sistemi təqdim edən "Wonderful" şirkəti arasında süni intellekt (Sİ) həlləri və əlaqəli rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sənəd "Wonderful" platforması əsasında süni intellekt həllərinin nazirliklərdə, dövlət qurumlarında və dövlət müəssisələrində tətbiqi imkanlarının araşdırılması üçün əməkdaşlıq çərçivəsini müəyyən edir. Əsas məqsəd dövlət xidmətlərinin göstərilməsi üsullarını təkmilləşdirmək, onları daha sürətli, əlçatan, vətəndaşların və biznes subyektlərinin ehtiyaclarına uyğunlaşdırmaq, eyni zamanda dövlət qurumlarının daha səmərəli və genişmiqyaslı fəaliyyətini təmin etməkdir.

Tərəflər vətəndaşlara, biznes subyektlərinə və dövlət qurumlarına xidmət göstərəcək, idarəetmə və nəzarət mexanizmlərinə malik ortaq süni intellekt platformasının yaradılmasını nəzərdə tuturlar. Platformanın Azərbaycanın "Hökumət buludu"nda (G-Cloud) yerləşdirilməsi planlaşdırılır. Bu yanaşma əsasında tərəflər yüksək təsir potensialına malik tətbiq sahələrini birgə müəyyənləşdirəcək, uğurlu həllərin dövlət sektoru üzrə daha geniş tətbiqi imkanlarını nəzərdən keçirəcəklər.

Bakıda keçirilən imzalanma mərasimində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin (İRİA) sədri Fərid Osmanov, həmçinin "Wonderful" şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Bar Vinklerin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətində şirkətin Mərkəzi və Şərqi Avropa üzrə idarəedici direktoru Omer Peres, Qafqaz və Mərkəzi Asiya üzrə baş meneceri Vitali Qordon da təmsil olunub.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov bildirib ki, süni intellektin əsl dəyəri onun dövlət idarəçiliyinin səmərəliliyini artırmaq və insanların dövlət xidmətlərinə çıxışını yaxşılaşdırmaq imkanları ilə ölçülür.

"Wonderful şirkəti ilə əməkdaşlığımız çərçivəsində dövlət idarəçiliyini daha səmərəli, çevik və əlçatan edə biləcək həllərin tətbiqi imkanlarını araşdırmağı hədəfləyirik. Bu əməkdaşlıq, həmçinin "Rəqəmsal inkişafın sürətləndirilməsi üzrə 2026–2028-ci illər üçün Fəaliyyət Planı"nın prioritetləri ilə uzlaşır və texnoloji tərəqqinin vətəndaşlar, biznes subyektləri və bütövlükdə iqtisadiyyat üçün real fayda yaratmasına yönəlmiş daha geniş səylərimizin bir hissəsidir", – deyə nazir müavini qeyd edib.

"Wonderful" şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Bar Vinkler isə Azərbaycan Respublikasını strateji və uzunmüddətli tərəfdaş kimi gördüklərini vurğulayıb. "Bizim məqsədimiz hökumətin, vətəndaşların və strateji əhəmiyyətli təşkilatların süni intellekt sahəsindəki ehtiyaclarını qarşılamağa dəstək olmaqdır. Tərəfdaşlığımızla yanaşı, Bakıdakı yerli komandamızı və fəaliyyətimizi genişləndirməkdən, eləcə də ölkə üzrə süni intellektin tətbiqini sürətləndirməkdən məmnunuq", – deyə Bar Vinkler bildirib.

Süni intellektin ilkin tətbiq istiqamətləri

Memorandumun imzalanmasından sonra İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin və bir sıra dövlət qurumlarının iştirakı ilə süni intellekt üzrə dəyirmi masa keçirilib. Görüşdə prioritet istiqamətlər üzrə pilot layihələrin hazırlanması və tətbiqi ilə bağlı görülən işlər müzakirə olunub.

"Wonderful" tədbirdə iştirak edən dövlət qurumlarının ehtiyaclarına uyğunlaşdırılmış süni intellekt həllərini nümayiş etdirərək vahid platformasının imkanlarını təqdim edib. Təqdimatlar yaşayış yeri ilə bağlı müraciətlərin yoxlanılması, idxal sənədlərinin təsdiqlənməsi, ailələr üçün Azərbaycan dilində anonim köməkçi, "mygov" xidmətləri üzrə səsli dəstək və ictimai nəqliyyat sərnişinlərinə yardım kimi istiqamətləri əhatə edib.

Bu həllər müxtəlif xidmət sahələrində mövcud proseslərin sadələşdirilməsinə, xidmətlərin daha sürətli və əlçatan olmasına, eləcə də vətəndaş məmnunluğunun artırılmasına yönəlib.

Azərbaycanda yerli potensialın gücləndirilməsi və fəaliyyətin genişləndirilməsi

Tərəflər yerli potensialın gücləndirilməsi, bilik və təcrübə mübadiləsi, eləcə də müvafiq bacarıqların inkişaf etdirilməsi sahəsində əməkdaşlıq barədə razılığa gəliblər.

"Wonderful" Bakıda yerli hüquqi şəxsin yaradılması, yerli mütəxəssislərin işə cəlbi və azərbaycanlı mütəxəssislərin təlimləndirilməsi də daxil olmaqla, Azərbaycana uzunmüddətli perspektivdə investisiya yatırmağı planlaşdırır. Şirkət bu istiqamətdə ilkin öhdəliyinin göstəricisi olaraq Azərbaycanda ilk əməkdaşını artıq işə qəbul edib. Bu addım yerli komandanın formalaşdırılması və ölkədə uzunmüddətli fəaliyyətin qurulması istiqamətində konkret başlanğıcdır.

Məqsəd süni intellekt həllərinin Azərbaycanın uzunmüddətli milli rəqəmsal inkişaf hədəflərinə töhfə verməsini təmin etməkdir.

Əməkdaşlıq, həmçinin Azərbaycanın yerli informasiya-kommunikasiya texnologiyaları (İKT) sənayesinin inkişafına və texnologiya sektorunun beynəlxalq rəqabət qabiliyyətinin artırılmasına dəstək göstərilməsini nəzərdə tutur.

Dövlət sektorunda süni intellektin geniş tətbiqi üçün təməlin yaradılması

Dövlət qurumları ilə ilkin əməkdaşlıq Azərbaycanın dövlət sektorunda süni intellektin daha geniş tətbiqinə zəmin yaratmaq məqsədi daşıyır. Bu çərçivədə uğurlu həllərin digər dövlət qurumlarında da tətbiqinin genişləndirilməsi imkanları nəzərdə tutulur.

Memorandum "Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası"nın, "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı"nın məqsədlərinə, eləcə də Nazirliyin müasir, vətəndaşyönümlü və məlumatlara əsaslanan dövlət sektorunun formalaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərə uyğundur.

Mövzuya görə xəbərlər