Son dəqiqə

Bakı Metropoliteni

Bakı Metropoliteninin 809,7 milyon manatlıq səhmləri dövlət qeydiyyatına alınıb

Bakı,TurkicWorld

"Bakı Metropoliteni" QSC-nin 809,7 milyon manat dəyərində yeni səhmləri dövlət qeydiyyatına alınıb.

Bu barədə qiymətli kağızların dövlət qeydiyyatına alınmasına dair məlumatda qeyd olunub.

Bildirilib ki, səhmdar cəmiyyətinin hər birinin nominal dəyəri 14,14 manat olan 57 milyon 262 min 208 ədəd adi səhmi dövlət qeydiyyatına alınıb. Səhmlərin ümumi nominal dəyəri 809 milyon 687 min 621,12 manat təşkil edir.

Səhmlərin yerləşdirilməsi qapalı üsulla həyata keçirilib. Onlar 8 oktyabr 2026-cı il tarixində AZ1001019491 dövlət qeydiyyat nömrəsi ilə qeydiyyata alınıb.

Qeyd edək ki, bu il mayın 7-də Prezident İlham Əliyev "Bakı Metropoliteni"nin yenidən təşkili ilə bağlı fərman imzalayıb. Sənədə əsasən, "BakuBus" və "Bakı Taksi Xidməti" MMC-lərin səhmdar cəmiyyətinə qoşulması yolu ilə yenidən təşkil prosesi nəzərdə tutulub.

Bundan əlavə, dövlət başçısının oktyabrın 2-də imzaladığı fərmanla "Bakı Metropoliteni"nin fəaliyyət istiqamətləri genişləndirilib. Cəmiyyətə sərnişin kanat yolları ilə daşımaların təşkili, bu sahədə infrastrukturun layihələndirilməsi və tikintisi, habelə xidmətlərin vahid mərkəzdən idarə olunması və əlaqələndirilməsi üzrə səlahiyyətlər verilib.

Mövzuya görə xəbərlər