Son dəqiqə

Azərbaycan Milli Məclis Bakı Metropoliteni

Metrostansiyaların tikintisi ilə bağlı yeni qaydalar qəbul ediləcək

BAKI,TurkicWorld

Tunellər, dəmir yolu, metropoliten və tramvay xətləri, stansiyalarının tikilməsi və quraşdırılması, depoların tikilməsi və genişləndirilməsi məqsədilə dövlət ehtiyacları kimi torpaq sahələrinin alınması mümkün olacaq.

Bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirə edilən "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Bildirilib ki, qanun layihəsi Azərbaycanda nəqliyyat infrastrukturunun, o cümlədən metro və dəmir yolu şəbəkələrinin inkişafı, bu sahədə həyata keçirilən irimiqyaslı layihələrin vaxtında və səmərəli icrası məqsədilə hazırlanıb.

Layihə metro və dəmir yolu infrastrukturu üzrə müəyyən edilən strateji əhəmiyyətli dövlət layihələrinin maneəsiz icrasını hüquqi cəhətdən təmin edəcək.

Belə ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" təsdiq edilib.

Adıçəkilən Dövlət Proqramında nəqliyyat vasitələri parklarının yenilənməsi ilə yanaşı, yeni depoların, stansiyaların və xətlərin tikintisi, bərpası və təkmilləşdirilməsi ilə bağlı tədbirlər nəzərdə tutulub.

Qanun layihəsinin əsas məqsədi ölkə ərazisində dövlət ehtiyacları üçün torpaq sahələrinin alınması prosedurlarının tənzimlənməsi sahəsində mövcud olan qanunvericilik bazasının təkmilləşdirilməsidir.

Xüsusilə nəqliyyat və kommunikasiya xətlərinin (tunellər, o cümlədən metro tunelləri, dəmir yolu, metropoliten və tramvay xətləri, stansiyalar və depolar) tikintisi, bərpası və təkmilləşdirilməsi ilə bağlı zəruri torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması zamanı hüquqi mexanizmlərin daha dəqiq, birmənalı və qabaqcıl təcrübəyə uyğun tətbiqinə nail olmaqdır.

Təklif olunan dəyişikliklər ölkə üzrə mühüm nəqliyyat və kommunikasiya layihələrinin, xüsusilə metro və dəmir yolu infrastrukturunun genişləndirilməsi işlərinin sürətləndirilməsinə, torpaqların dövlət ehtiyacları üçün alınması prosesində hüquqi müəyyənliyin və şəffaflığın təmin olunmasına, habelə dövlət və vətəndaş maraqlarının qanunvericilik çərçivəsində balanslaşdırılmasına xidmət edir.

Hazırda qüvvədə olan versiya

Təklif edilən dəyişiklik

Torpağın alınmasına əsas verən dövlət ehtiyacları

Torpağın alınmasına əsas verən dövlət ehtiyacları

Bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır:

Bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır:

Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması;

Dövlət əhəmiyyətli yolların, tunellərin (metro tunelləri daxil olmaqla), magistral neft və qaz boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, kanalizasiya və digər hidrotexniki qurğuların, eləcə də dəmir yolu, metropoliten və tramvay xətlərinin tikilməsi və quraşdırılması;

Dəniz limanının ərazisinin artırılması;

Dəniz və hava limanlarının və ya aerodromların, dəmiryolu, metropoliten və tramvay stansiyalarının, depoların tikilməsi və genişləndirilməsi;

Dövlət mülkiyyətində olan hava limanlarının (aeroportların) və (və ya) aerodromların genişləndirilməsi və ya yeni hava limanlarının (aeroportların) və (və ya) aerodromların inşası.

Qanundan çıxarılması təklif edilir.

Mövzuya görə xəbərlər