BAKI,TurkicWorld
Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, avqustun 27-dən 30-dək Bakıda və Abşeron yarımadasında, eləcə də ölkənin bir sıra bölgələrində küləkli və yağıntılı hava şəraitinin müşahidə olunacağı, bəzi ərazilərdə küləyin güclənəcəyi bildirilir. Həmçinin ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı və qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Baş Dövlət Yol Polisi İdarəsi havanın yollarda yarada biləcəyi təhlükələri nəzərə alaraq hərəkət iştirakçılarını diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırıb.
BDYPİ sürücülərə yağıntılı hava şəraitində sürət həddini yol və hava şəraitinə uyğun seçməyi, ara məsafəsini artırmağı, qəfil və sərt manevrlərdən çəkinməyi, ötmə zamanı xüsusilə ehtiyatlı olmaq tövsiyə edib:
"Görünüş məsafəsinin məhdudlaşdığı hallarda işıq cihazlarından düzgün istifadə edilməli, su basmış və sel ehtimalı olan yol sahələrindən keçərkən riskli hərəkətlərə yol verilməməlidir.
Küləyin güclü olduğu ərazilərdə, xüsusilə qoşqulu, tentli və uzunölçülü yük avtomobillərinin sürücüləri daha diqqətli olmalı, daşınan yükün etibarlı bərkidilməsinə və nəqliyyat vasitəsinin dayanıqlılığına xüsusi diqqət yetirməlidirlər.
Piyadalara isə yağıntı və külək səbəbindən görmə imkanlarının məhdudlaşa biləcəyini nəzərə almaq, yolu yalnız müəyyən edilmiş yerlərdən və təhlükəsizliyə tam əmin olduqdan sonra keçmək tövsiyə olunur.
Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını dəyişkən hava şəraitini düzgün qiymətləndirməyə, yollarda diqqətli və məsuliyyətli davranmağa çağırır",-deyə məlumatda bildirilib.







