Son dəqiqə

Azərbaycan Baş prokurorluq

Hərbi hissəni özbaşına tərk etməkdə təqsirləndirilən şəxs Azərbaycana ekstradisiya ediləcək

BAKI,TurkicWorld

Hərbi hissəni və ya xidmət yerini üç aydan artıq müddətə özbaşına tərk etməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Nahid Əlicanlı Rusiyadan Azərbaycana ekstradisiya ediləcək.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 7 oktyabr 2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Nahid Rasim oğlu Əlicanlının ekstradisiyası ilə bağlı Baş Prokurorluğun vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Qubadlı Hərbi Prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə Nahid Əlicanlının Cinayət Məcəlləsinin 333.4-1-ci (hərbi hissəni və ya xidmət yerini üç aydan artıq müddətə özbaşına tərk etmə) maddəsində nəzərdə tutulan əməli törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Bununla əlaqədar onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul olunub. Nahid Əlicanlı istintaqdan qaçaraq gizləndiyi üçün beynəlxalq axtarışa verilib.

Hazırda onun Azərbaycana gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən beynəlxalq prosedurlara uyğun müvafiq tədbirlər həyata keçirilir.

Mövzuya görə xəbərlər