Son dəqiqə

Azərbaycan ÜST Tacikistan Səhiyyə Nazirliyi Səhiyyə Pasiyent təhlükəsizliyi Akkreditasiya Orxan Şükürov

Azərbaycan ÜST-nin regional tədbirində "Ən yaxşı poster" mükafatına layiq görülüb

BAKI,TurkicWorld

Azərbaycan nümayəndə heyəti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun təşkil etdiyi Səhiyyə Xidmətlərinin Keyfiyyəti və Pasiyent Təhlükəsizliyi üzrə Regional Məktəb çərçivəsində ölkəmizdə səhiyyə xidmətlərinin keyfiyyəti, tibb müəssisələrinin akkreditasiyası və pasiyent təhlükəsizliyi sahəsində həyata keçirilən islahatları əks etdirən poster təqdim edib.

TurkicWorld xəbər verir ki, tədbirdə müxtəlif ölkələrdən olan mütəxəssislər səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması, pasiyent təhlükəsizliyinin təmin edilməsi və beynəlxalq təcrübənin paylaşılması istiqamətində fikir mübadiləsi aparıblar.

Azərbaycanın təqdim etdiyi poster "Səhiyyə xidmətlərinin keyfiyyəti və pasiyent təhlükəsizliyi üzrə sistemin gücləndirilməsi sahəsində ən yaxşı poster" nominasiyasında mükafata layiq görülüb. Bildirilib ki, bu uğur ölkədə səhiyyə xidmətlərinin keyfiyyətinin idarə olunması və pasiyent təhlükəsizliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən islahatların beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin göstəricisidir.

Tədbir çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi ilə Tacikistanın Tibbi Akkreditasiya Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu da imzalanıb.

Memorandumun səhiyyə müəssisələrinin akkreditasiyası, keyfiyyət standartlarının tətbiqi və peşəkar təcrübə mübadiləsinin genişləndirilməsinə töhfə verəcəyi gözlənilir.

Qeyd edək ki, Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi PHŞ-nin İdarə Heyətinin sədri Orxan Şükürov bu ilin may ayında səhiyyə nazirinin əmri ilə bu vəzifəyə təyin olunub. O, daha əvvəl Mərkəzdə sədr müavini kimi fəaliyyət göstərib və ilk "Yüksəliş" müsabiqəsinin finalçılarından biridir.

Mövzuya görə xəbərlər