BAKI,TurkicWorld
Azərbaycanın DOST modeli Moldovada sosial xidmətlərin təşkili sahəsində tətbiq ediləcək. Bu istiqamətdə iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlıq sənədi imzalanıb.
TurkicWorld xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Agentliyi ilə Moldova Respublikasının Milli Sosial Sığorta Kassası arasında Anlaşma Memorandumu imzalanıb.
Sənədi Moldova Respublikasının Milli Sosial Sığorta Kassasının direktoru Yelena Tibirna və DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov imzalayıblar.
Görüş zamanı iki qurum arasında mövcud əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb. Moldovanın DOST modelinə maraq göstərən ölkələrdən biri olduğu və bu təcrübənin ölkədə tətbiqi üçün birgə fəaliyyətlərin həyata keçirildiyi qeyd olunub.
Yeni memorandumun sosial xidmətlər sahəsində əməkdaşlığın genişləndirilməsinə, Azərbaycan təcrübəsinin paylaşılmasına və müasir sosial təminat mexanizmlərinin inkişafına xidmət edəcəyi bildirilib.
Sənədə əsasən, Moldovada DOST modelinin əsas komponentlərinin sosial təminat sisteminə uyğunlaşdırılması və tətbiqi üzrə pilot mərhələlər həyata keçiriləcək.
Həmçinin sosial xidmətlərin “bir pəncərə” prinsipi əsasında təşkili, institusional və texniki dəstək mexanizmlərinin yaradılması, eləcə də iki ölkə arasında təcrübə mübadiləsinin genişləndirilməsi nəzərdə tutulur.







