BAKI,TurkicWorld
Türkiyənin İstanbul şəhərində Zero Waste Forum 2026 çərçivəsində “Məhsul yığımından sonrakı itkilərin azaldılması – Qida təchizat zəncirində səmərəliliyin artırılması” mövzusunda Yüksək Səviyyəli Kənd Təsərrüfatı Nazirlər Toplantısı keçirilib.
TurkicWorld xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Toplantıda çıxış edən Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı qlobal ərzaq təhlükəsizliyinin müasir dövrdə əsas çağırışlardan biri olduğunu bildirib. Onun sözlərinə görə, dünyada istehsal olunan qidanın 13 faizi məhsul yığımından sonrakı mərhələlərdə itirilir, 19 faizi isə ev təsərrüfatları, marketlər və ictimai iaşə müəssisələrində israf olunur.
Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında qlobal ərzaq təhlükəsizliyinin gücləndirilməsi, resurslardan səmərəli istifadə və aqrar sahənin dayanıqlı inkişafının vacibliyini vurğulayıb.
Nazir qeyd edib ki, məhsul yığımından sonrakı itkilərin azaldılması üçün aqro-logistika mərkəzlərinin, saxlama infrastrukturunun, nəqliyyat şəbəkələrinin və rəqəmsal texnologiyaların inkişafına investisiyaların artırılması mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, süni intellekt, ağıllı monitorinq sistemləri, dəqiq kənd təsərrüfatı texnologiyaları və məlumat analitikası məhsulların real vaxt rejimində izlənilməsinə, təchizat zəncirinin səmərəliliyinin artırılmasına və itkilərin azaldılmasına imkan yaradır.
Məcnun Məmmədov əlavə edib ki, Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca ərzaq itkilərinin azaldılması istiqamətində kompleks tədbirlər həyata keçirir və aqrar sahəyə yatırılan investisiyalar ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verir.
Toplantıdan sonra kənd təsərrüfatında innovasiyalar, soyuq zəncir və ağıllı logistika həlləri, eləcə də aqrar ticarətdə normativ uyğunlaşdırma və yeni nəsil ticarət siyasətləri mövzularında panel sessiyalar keçirilib.







