Son dəqiqə

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) İctimai proseslər media müstəvisində Şəhərsalma və Memarlıq İli

“Şəhərsalma və Memarlıq İli”ndə media gündəmi ” mövzusunda panel sessiyası keçirilib

BAKI,TurkicWorld

Bakıda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən 3-cü Forum çərçivəsində “Şəhərsalma və Memarlıq İli”ndə media gündəmi ” mövzusunda panel sessiyası təşkil edilib.

TurkicWorld xəbər verir ki, panel sessiyada çıxışı zamanı Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Mətin Hüseynov panel sessiyasında çıxışında son illər ərzində Bakıda aparılan abadlıq və quruculuq işlərinə diqqət çəkib. Onun sözlərinə görə, son 20 il ərzində çoxsaylı yeni parklar salınmış, mövcud yaşıllıq zonaları isə əsaslı şəkildə yenidən qurularaq sakinlərin və şəhər qonaqlarının istifadəsinə verilib.

"Xüsusilə məhəllələrarası parkların yaradılması şəhər mühitində istirahət imkanlarını xeyli genişləndirilib. Bu baxımdan Nəbatat Bağı, Qış Parkı və Gənclik metrosu yaxınlığındakı park kimi nümunələri qeyd etmək olar. Parklarda müasir uşaq əyləncə və idman avadanlıqlarının quraşdırılması şəhər həyatının keyfiyyətinə müsbət təsir göstərib. Eyni zamanda, bir müddət əvvəl "Xaqani bağı" ərazisində həyata keçirilən yenidənqurma layihəsi uğurla başa çatdırılıb və ərazi tamamilə piyadaların istifadəsinə verilib. Bundan əlavə, Bibiheybət, Ramana və Balaxanı kimi yaşayış məntəqələrində aparılan abadlıq və bərpa işləri onların tarixi-memarlıq üslubuna uyğun şəkildə həyata keçirilib".

O qeyd edib ki, Bakı bu gün həm müasir şəhər kimi inkişaf edir, həm də öz tarixi simasını və memarlıq ənənələrini qoruyub saxlayır.

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Məzmun və Media Əlaqəri üzrə Baş Meneceri Eldar Rəsulov isə çıxışında bildirib ki, WUF13-də iştirak üçün artıq 800-dən artıq media nümayəndəsi qeydiyyatdan keçib. Onun sözlərinə görə, həm yerli, həm də xarici media tədbirdə iştiraka maraqlıdır:

"Bu tədbir çərçivəsində çalışacağıq ki, dünya ölkələrinin şəhərsalma ənənələrinə də nəzər salıb, özümüzdə tətbiq edə bilək".

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Fariz Hüseynli isə çıxışında işğaldan azad edilmiş ərazilərdə tarixi abidələrin monitorinqlərindən danışıb. Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə 575 abidənin monitorinqi yekunlaşıb.

"68 abidə yer üzündən silinib, 114 abidə ciddi dağıntılara məruz qalıb. Tarixi abidələrə dəyən ziyan da hesablanıb. Məlum olub ki, 434 abidəyə ümumilikdə 700 milyon manat ziyan dəyib.
Ölkə üzrə dövlət qeydiyyatına düşməyən 1400-dən artıq abidənin reyestrə daxil edilməsi üçün ekspert şurası yaradılıb. 761 abidə barəsində artıq müvafiq rəylər toplanıb".

O, sualları cavablandırarkən Bayırşəhərdəki tarixi abidələrin taleyi ilə bağlı muzakirələrə də aydınlıq gətirib. Fariz Hüseynlinin sözlərinə görə, Bayırşəhərdə 73 abidənin Qorunması ilə bağlı tədbirlər görülür.

"Yaxın günlərdə 33 abidənin reyestrə daxil edilməsi üçün tədbir görülür. Həmin ərazidə ümumilikdə 106 abidə olacaq. Onların mühafizəsi üçün aidiyyəti qurumlar nəzarət edir. Ərazidə olan bütün tarixi abidələr qorunacaq", - o bildirib.

Panel sessiyası müzakirələrlə davam edib.

Mövzuya görə xəbərlər