BAKI,TurkicWorld
“Startup School Quba” layihəsi çərçivəsində təlim və mentorluq proqramına start verilir.
TurkicWorld xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” portalı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı-nın birgə təşkilatçılığı ilə həyata keçirilən “Startup School Quba” layihəsinə start verilir.
Layihənin açılışı 24 aprel 2026-cı il tarixində ADPU-nun Quba filialında təşkil olunacaq təlim və mentorluq proqramı ilə baş tutacaq.
Layihə çərçivəsində keçiriləcək təlim və mentorluq xidmətlərində filialın professor-müəllim və inzibati heyəti, eləcə də tələbələr və gənc təşəbbüskarlar iştirak edəcək. Təlim proqramı iştirakçılara startapların formalaşdırılması, biznes model quruculuğu, bazar araşdırması, məhsulun inkişafı, maliyyələşmə imkanları və pitching bacarıqları kimi mühüm istiqamətlər üzrə praktiki biliklərin verilməsini nəzərdə tutur.
“Startup School Quba” layihəsi regionda innovasiya və sahibkarlıq mühitinin inkişafına dəstək məqsədi daşıyır. Layihənin əsas hədəfi gənclər arasında innovativ düşüncə tərzinin təşviqi, ideyaların biznes layihələrinə çevrilməsi, eləcə də universitet–sənaye əməkdaşlığının gücləndirilməsidir. Bu çərçivədə layihə yerli potensialın üzə çıxarılmasına və davamlı startap ekosisteminin formalaşdırılmasına xidmət edir.
Layihənin tərəfdaşları qismində Quba İş Adamlarına Dəstək Platforması və Xınalıq Turizmin İnkişafına Dəstək İctimai Birliyi çıxış edir. Tərəfdaş qurumlar layihə çərçivəsində iştirakçıların biznes əlaqələrinin genişləndirilməsi, yerli sahibkarlıq mühitinə inteqrasiyası və praktik dəstəyin göstərilməsi istiqamətində töhfə verəcəklər.
Qeyd edək ki, təlim və mentorluq mərhələsi çərçivəsində formalaşdırılan perspektivli startap layihələrinin inkişafına növbəti mərhələlərdə də dəstək göstərilməsi və uğurlu layihələrin “Startup School 4: 5 Continents – 500 Startups” proqramına cəlb edilməsi nəzərdə tutulur. Bu isə iştirakçılar üçün beynəlxalq startap ekosisteminə çıxış imkanları yaradacaq.
Gözlənilir ki, “Startup School Quba” layihəsi regionda innovasiya və startap mədəniyyətinin güclənməsinə, yeni biznes təşəbbüslərinin yaranmasına və Quba rayonunun sahibkarlıq potensialının daha da inkişafına mühüm töhfə verəcək.







