BAKI,TurkicWorld
Aprelin 14-də elm və təhsil nazirinin müavini İdris İsayev Quba rayonuna səfər edib.
TurkicWorld xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Səfər çərçivəsində əvvəlcə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov ilə birlikdə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Daha sonra Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin gənc direktor və müəllimləri ilə görüş keçirilib. Görüşdə çıxış edən İdris İsayev təhsil sahəsində baş verən dəyişikliklərə uyğunlaşmağın vacibliyini vurğulayıb. Bildirib ki, müasir dövrdə şagirdlərin yalnız biliklərinin deyil, həm də bacarıqlarının inkişafı təhsil strategiyalarının əsas prioritetlərindəndir.
Nazir müavini qeyd edib ki, təhsil müəssisələrinin rəhbərləri kollektivdə komanda ruhunu formalaşdırmalı, müəllim əməyinə dəyər verilməsinə və valideyn məmnunluğuna xüsusi diqqət yetirməlidirlər. O həmçinin müəllimlərin müasir tədris metodlarını mənimsəməsinin, rəqəmsal bacarıqlara və süni intellekt sahəsində biliklərə yiyələnməsinin vacibliyini diqqətə çatdırıb.
Görüşdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev çıxış edərək region üzrə təhsil göstəricilərini təqdim edib, buraxılış imtahanları və 4–6-cı siniflər üzrə monitorinq nəticələri barədə məlumat verib.
Görüş çərçivəsində təhsil sahəsində aparılan yeniliklər ətrafında fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflərin nəzərə alınacağı bildirilib.
Səfər çərçivəsində nazir müavini Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub. Məktəbdə tətbiq olunan STEAM, innovativ məktəb, peşə təmayüllü və icma əsaslı məktəbəqədər təhsil layihələri ilə tanışlıq zamanı ətraflı məlumat təqdim edilib.
İdris İsayev məktəbdə SAF 2025 – “Sabahın alimləri” müsabiqəsinin qalibləri ilə görüşüb, şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirib və peşə təmayüllü sinifdə təhsil alan şagirdlərlə söhbət aparıb. Məktəb rəhbərliyinə müvafiq tövsiyə və tapşırıqlar verilib.
Daha sonra nazir müavini Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialını ziyarət edib. Səfərin məqsədi regionlarda ali təhsil müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi, tədrisin keyfiyyətinin artırılması və pedaqoji kadr hazırlığının mövcud vəziyyətinin müzakirəsi olub.
Filialın maddi-texniki bazası ilə tanışlıq zamanı direktor Yusif Alıyev tərəfindən Azərbaycan-Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi, tələbələr üçün yaradılmış şərait, kitabxana fondu və elektron resurslara çıxış imkanları barədə məlumat verilib.
Nazir müavini müəllim və tələbələrlə görüşərək onların təkliflərini dinləyib, tədris prosesinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələrini verib.
Sonra universitetin pedaqoji heyəti ilə geniş tərkibdə görüş keçirilib. Görüşdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, filial rəhbərliyi və professor-müəllim heyəti iştirak edib.
Çıxış edən filial direktoru Yusif Alıyev filialın fəaliyyəti və inkişaf mərhələləri barədə məlumat verib, tədris və elmi fəaliyyət istiqamətində görülən işləri diqqətə çatdırıb.
İdris İsayev çıxışında regionlarda ali təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Qeyd edib ki, pedaqoji kadrların keyfiyyətli hazırlanması ölkənin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır. O həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsilin strateji prioritetə çevrildiyini və bu istiqamətdə həyata keçirilən islahatların insan kapitalının inkişafına xidmət etdiyini bildirib.
İlqar Mahmudov isə çıxışında ali təhsil müəssisələrinin regionların sosial-iqtisadi inkişafında mühüm rol oynadığını qeyd edib, yerli qurumlarla əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib, iştirakçıların sualları cavablandırılıb.
Səfər çərçivəsində vətəndaş qəbulu keçirən nazir müavini müraciətləri dinləyib və qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verib.







