Son dəqiqə

Quba Cabir Məmmədov Yeni Azərbaycan Partiyasının (YAP) Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Nəhayət Şirinovan Yusif Alıyev

Qubada Əməkdar həkim Cabir Məmmədovun həyatına həsr olunmuş kitab təqdim edilib

BAKI,TurkicWorld

Quba Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının (YAP) Quba rayon təşkilatının dəstəyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının təşkilatçılığı ilə Əməkdar həkim Cabir Məmmədovun həyat və fəaliyyətinə həsr olunmuş “Zaman gələr, zaman gəlməz” kitabının təqdimat mərasimi keçirilib.

Avqustun 31-də baş tutan tədbir ADPU-nun Quba filialı Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinovanın moderatorluğu ilə keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi ehtiramla yad olunub. İştirakçılara Cabir Məmmədovun həyat və fəaliyyətindən bəhs edən “Əməkdar həkim” adlı videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyev cəmiyyətə uzun illər xidmət etmiş şəxsiyyətlərin həyat yolunun öyrənilməsinin və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini vurğulayıb. O, Cabir Məmmədovun zəngin həyat və əmək yolunun kitab şəklində əbədiləşdirilməsini yüksək qiymətləndirərək müəlliflərə və tədbirin təşkilində əməyi olan şəxslərə təşəkkür edib.

Çıxışlarda “Zaman gələr, zaman gəlməz” kitabının yalnız həkimin həyat yolunu əks etdirən nəşr olmadığı, eyni zamanda insan ömrünün mənası, peşəyə sədaqət, xalqa xidmət və mənəvi dəyərlərə bağlılıq kimi prinsipləri özündə əks etdirən salnamə olduğu bildirilib. Qeyd olunub ki, kitab Cabir Məmmədovun xatirəsinin yaşadılması və onun həyat və fəaliyyətinin gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyət daşıyır.

Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abbasova, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Birliyin sədrinin baş müşaviri, aparat rəhbəri Rauf Aslanov, Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər Zeynalov, kardioloq Nazim Şafiyev, tibb üzrə fəlsəfə doktoru Rafiq Kərimov, şəhid ailələrinin nümayəndələri, ədəbi tənqidçi Əsəd Cahangir, ziyalı Hacıbaba Bayramov, ADPU-nun Quba filialının direktor müavini Aysel Şeydayeva, Əməkdar artist Ağalar Bayramov və ailə üzvü Rəşad Cabirli çıxış ediblər.

Sonda kitabın müəllifləri Ramiz Qusarçaylı və Qvami Məhəbbətoğlu nəşrin hazırlanması prosesindən və Cabir Məmmədovun həyat yolunun araşdırılmasından bəhs ediblər. Tədbir iştirakçıları ilə xatirə fotosu çəkilib və kitabın imza mərasimi keçirilib.

Mövzuya görə xəbərlər