BAKI,TurkicWorld
Qubada qadınların sahibkarlıq bacarıqlarının inkişafına yönəlmiş yeni layihə həyata keçirilir.
TurkicWorld xəbər verir ki, “StartHer Quba” – startuplarda qadınların rolunun artırılmasına hədəflənən layihəyə rəsmi olaraq start verilib.
Məlumata görə, layihə Azercell-in qadınların ictimai və iqtisadi həyatda fəallığının artırılmasına yönəlmiş proqramı çərçivəsində maliyyələşdirilir və İnnovativ İnkişafa Dəstək ictimai birliyi tərəfindən icra olunur.
Layihənin açılış mərasimində ictimai birliyin sədri Hümmət Əliyev çıxış edərək təşəbbüsün məqsədləri və əhəmiyyəti barədə məlumat verib.
Bildirilib ki, layihənin əsas məqsədi Quba rayonunda yaşayan 20 gənc qızın startap və sahibkarlıq bacarıqlarını inkişaf etdirməkdir.
Qeyd olunur ki, seçilmiş iştirakçılar üçün ümumilikdə 8 təlim sessiyası təşkil ediləcək. Təlimlər 5 əyani və 3 distant formatda keçiriləcək və startup fəaliyyəti, maliyyə savadlılığı, komanda işi və təqdimat bacarıqları kimi mövzuları əhatə edəcək.
Məlumata görə, layihə çərçivəsində iştirakçılar komandalara bölünərək müxtəlif ideyalar üzərində çalışacaq, may ayında isə hakaton təşkil olunacaq. Tədbirin sonunda qaliblər müəyyən edilərək mükafatlandırılacaq.
Bildirilib ki, təlimlər startap və sahibkarlıq sahəsində mütəxəssislər Rafət Şirəliyev və Sara Rəcəbli tərəfindən keçiriləcək.







