BAKI,TurkicWorld, Fərid Mikayılov
TECHERA və QİAD-ın birgə təşkilatçılığı ilə Quba şəhərində regionun biznes və rəqəmsal inkişafına həsr olunan sammit baş tutacaq.
TurkicWorld xəbər verir ki, tədbir Quba, Qusar, Xaçmaz və ətraf rayonlardan olan sahibkarları, şirkətləri və gənc mütəxəssisləri bir araya gətirməklə yanaşı, Bakıdan iri holdinqlərin, dövlət və özəl müəssisələrin nümayəndələrinin iştirakı ilə geniş əməkdaşlıq imkanları yaradacaq.
Sammit çərçivəsində yerli istehsalçı və sahibkarların məhsul və xidmətlərinin təqdim olunacağı sərgi, karyera sərgisi və şirkətlərlə birbaşa əlaqə imkanları, rəqəmsal şirkətlər və innovativ texnoloji həllər zonası təşkil ediləcək.
Bununla yanaşı, banklar və maliyyə institutları ilə görüşlər, dövlət–biznes–təhsil strukturları arasında şəbəkələşmə mühiti, eləcə də Bakının aparıcı dövlət və özəl qurumları ilə tanışlıq və əməkdaşlıq fürsətləri təqdim olunacaq.
Bildirilib ki, sammitin əsas məqsədi regionda rəqabətqabiliyyətli və innovativ biznes ekosisteminin formalaşmasına töhfə vermək, iqtisadi aktivliyi artırmaq və uzunmüddətli tərəfdaşlıqların qurulmasını təşviq etməkdir.
Qeyd edək ki, sammit 22 may 2026-cı il tarixində Quba Olimpiya İdman Kompleksində keçiriləcək.







