BAKI,TurkicWorld
Dünən biz bir faciə yaşadıq.
Bu, təkcə bir cinayət hadisəsi deyil, cəmiyyət, təhsil və gələcəyimiz üçün həyəcan siqnalıdır.
10-cu sinif şagirdinin müəllimini güllələməsi hər birimizi sarsıdan, susmağa imkan verməyən bir faktdır. Bu hadisə bizi nəticə ilə yox, səbəblərlə üz-üzə qoyur. Çünki bu cür faciələr bir günün, bir anın işi deyil.
Bu problemin kökü ailədən, sosial mühitdən, nəzarətsiz və laqeyd çevrədən başlayır. Amma artıq bir həqiqəti açıq deməliyik: təhsil sisteminə köhnə düşüncə ilə yanaşmaq ciddi səhvdir.
"Uşaq yaxşı oxuyursa, deməli problem yoxdur" yanaşması yanlışdır. Qiymət cədvəlində yüksək bal alan hər uşaq daxildə sağlam demək deyil. Akademik göstərici psixoloji tarazlığın ölçüsü ola bilməz. Uşaq susa, dərsini oxuya, amma daxilində böyüyən aqressiyanı, qorxunu, təzyiqi heç kim görməyə bilər.
Bu təhlükəli yanaşma bu gün bizi ağır nəticələrlə üz-üzə qoyur.
Bunun üzərinə sosial şəbəkələr və internet oyunlarının təsiri də əlavə olunur. Uşaqlar saatlarla virtual aləmdə yaşayır. Şiddət normallaşdırılır, aqressiya oyuna çevrilir, insan həyatı ekranda bir düyməyə basmaq qədər dəyərsizləşdirilir. Real həyatla virtual aləm arasındakı sərhəd itdikcə, fəsadlar qaçılmaz olur.
Bu fakt bir daha göstərdi ki, cəmiyyətimizdə tərbiyə, nəzarət və psixoloji dəstək sahəsində ciddi boşluqlar var. Biz isə təəssüf ki, yalnız faciə baş verəndən sonra danışmağa başlayırıq.
Özümüzə sual verməyin vaxtıdır:
Məktəbdə uşaqların davranışına nə qədər diqqət yetiririk?
Riskli davranışlar vaxtında müəyyən edilirmi?
Psixoloji iş realdır, yoxsa kağız üzərində?
Uşaqların gününün neçə saatı ekran qarşısında keçir və biz buna nəzarət edirikmi?
Məktəbdənkənar vaxt həqiqətənmi təhlükəsiz mühitdə keçir?
Məktəblərdə psixoloji və fiziki təhlükəsizlik formal prosedur olmamalıdır. Bu, kağız üçün yox, uşaqlar üçündür. Valideyn yalnız qiymətə yox, övladının davranışına, psixoloji vəziyyətinə, daxili dünyasına və rəqəmsal mühitinə cavabdehdir.
14 yaşlı uşağı bu həddə gətirən mühit təftiş olunmalıdır. O mühitə ailə də daxildir, məktəb də, küçə də, telefon ekranının arxasındakı görünməz dünya da. Çünki kövrək yaşda edilən ağır səhvin məsuliyyəti təkcə bir uşağın üzərinə yüklənə bilməz. Bu, bölüşülməli məsuliyyətdir.
Bu gün müəllimə tuşlanan silah, əslində, təhsilə, cəmiyyətə və gələcəyimizə tuşlanıb. Vaxtında reaksiya verilməsə, sabah daha ağır faciələrin şahidi ola bilərik. Bu hadisəyə susmaq mümkün deyil.
Ümummilli Lider Heydər Əliyevin "Mən dünyada müəllimlikdən yüksək ad tanımıram" fikri bu gün sadəcə sitat kimi səslənməməlidir. Müəllimi qorumaq, ona hörmət etmək, onu uca tutmaq — gələcəyimizi qorumaqdır.
Şəhla müəllimə gənc, istedadlı, uşaqların taleyinə valideyn məsuliyyəti ilə yanaşan peşəkar pedaqoq idi. Ona açılan atəş bir nəfərə deyil — cəmiyyətimizin dəyərlərinə və sabahına açılan atəşdir.
Sevil Mikayılova
Milli Məclisin deputatı, IPU vitse-prezidenti





