Son dəqiqə

Azərbaycan Efiopiya 13-cü Ümumdünya Şəhər Forumu (WUF13) WUF2026

Efiopiyada WUF13 ilə əlaqədar bir sıra görüşlər keçirildi

BAKI,TurkicWorld

Efiopiyanın Əddis-Əbəbə şəhərində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar bir sıra görüşlər keçirilib.

Bu barədə TurkicWorld-ə Azərbaycanın Efiopiyadakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, Efiopiyanın şəhər və infrastruktur naziri Çaltu Sani İbrahim, Əddis-Əbəbə şəhərinin meri Adaneç Abiebie, BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının icraçı katibi Klaver Qeytet, mənzil-qərargahı Əddis-Əbəbə şəhərində yerləşən Afrika İttifaqının (Aİ) kənd təsərrüfatı, kənd inkişafı, mavi iqtisadiyyat və dayanıqlı ətraf mühit məsəlləri üzrə komissarı Moses Vilakati və digər rəsmilərlə görüşlər keçirilib.

Azərbaycanın Efiopiyadakı Səfirliyinin vasitəsi ilə təşkil olunan görüşlərdə Azərbaycanın bu ölkədəki səfiri və Aİ yanında daimi nümayəndəsi Ruslan Nəsibov, Azərbaycanın Keniyadakı səfiri və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) yanında daimi nümayəndəsi Sultan Hacıyev və WUF-ların BMT tərəfindən əsas təşkilatçı qurumu olan UN-Habitatın Afrika üzrə regional ofisinin direktoru Oumar Sylla iştirak edib.

Görüşlərdə WUF13-ün mahiyyəti, hazırlıq prosesi, təşəbbüslər, planlaşdırılan tədbirlər və fəaliyyətlər, eləcə də iştirak və əməkdaşlıq imkanları barədə ətraflı məlumat verilib.

"Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusunda keçiriləcək forumun dayanıqlı şəhər inkişafı sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək, beynəlxalq tərəfdaşlarla birgə Azərbaycanın qlobal proseslərə töhfələrinin təqdim olunması baxımından əhəmiyyəti vurğulanıb. Forum tarixində ilk dəfə olaraq dövlət və hökumət başçılarının iştirakı ilə Sammitin Zirvə Toplantısının keçiriləcəyi diqqətə çatdırılıb. Qlobal şəhərsalma çempionu olaraq tanınan Azərbaycanın WUF13 çərçivəsində Afrika dövlətləri ilə sahə üzrə əməkdaşlıq maraqları barədə məlumat verilib.

Eyni zamanda, əksər görüşlərdə Azərbaycanın COP29, habelə dayanıqlı şəhərsalma və iqlim dəyişmələri proseslərinin əlaqəli təsirləri ilə bağlı əldə etdiyi təcrübə və təşəbbüslərinin Efiopiyanın COP32-yə ev sahibliyi üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb və bu çərçivədə əməkdaşlığa ciddi maraq ifadə olunub.

Azərbaycan nümayəndə heyəti, həmçinin, Keniya Hökuməti tərəfindən "Şəhər Yoxsulları üçün İqlimə Dayanıqlılığının Yaradılması" (BCRUP) təşəbbüsü üzrə beynəlxalq tərəfdaşların iştirakı ilə Əddis-Əbəbə şəhərində təşkil edilən tədbirə də qatılıb.

Mövzuya görə xəbərlər