BAKI, TurkicWorld, Nailə Babazadə
TurkicWorld-nin təqdim etdiyi Hüquq Bələdçisi rubrikasında Quba 1 saylı Mediasiya Təşkilatının direktoru, hüquqşünas mediator Hümmət Əliyev mediasiya prosesinin mahiyyəti, prinsipləri və vətəndaşlar üçün üstünlükləri barədə mühüm məqamlara aydınlıq gətirib.
TurkicWorld saytına istinadən Hümmət Əliyevlə aparılan söhbətin növbəti hissəsini təqdim edirik:
– Hümmət müəllim, mediasiya anlayışı Azərbaycan qanunvericiliyinə görə necə müəyyən olunur?
– Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanununa əsasən, mediasiya mübahisə tərəflərinin könüllü razılığı ilə, neytral və müstəqil mediatorun köməyi vasitəsilə qarşılıqlı məqbul razılaşmaya gəlmələrini təmin edən alternativ mübahisə həlli üsuludur. Burada əsas məqsəd tərəflərin öz iradələri ilə, məhkəmədənkənar şəkildə mübahisəni həll etmələridir. Yəni mediasiya qərar verən deyil, tərəfləri razılaşdıran bir mexanizmdir.
– Ümumiyyətlə, mediasiyanın əsas məqsədi nədir?
– Mediasiyanın əsas məqsədi mübahisəni hüquqi çərçivədə, lakin qarşıdurmasız, daha çevik və konstruktiv şəkildə həll etməkdir. Burada yalnız hüquqi nəticə deyil, tərəflər arasında münasibətlərin qorunması və gələcək əməkdaşlıq imkanlarının saxlanılması da nəzərə alınır. Mediasiya mübahisəni “udmaq və uduzmaq” prinsipi ilə deyil, hər iki tərəf üçün məqbul nəticə (win-win) ilə yekunlaşdırmağı hədəfləyir.
– Mediasiya prosesi hansı fundamental prinsiplər üzərində qurulub?
– Mediasiya bir neçə mühüm prinsip üzərində qurulub. Bunların başında könüllülük, neytrallıq, tərəflərin bərabərliyi və gizlilik prinsipləri dayanır. Mediator tərəflərdən heç birinin marağını müdafiə etmir və prosesdə yönverici deyil, köməkçi rolunu icra edir. Eyni zamanda, mediasiyada səsləndirilən məlumatların məxfiliyi tam təmin olunur ki, bu da tərəflərin açıq və səmimi dialoquna lazımi şərait yaradır.
– Bu proses mübahisə tərəflərinə konkret olaraq nə qazandırır?
– Mediasiya tərəflərə ilk növbədə vaxt və maliyyə baxımından ciddi üstünlük verir. Məhkəmə prosesləri adətən uzun və emosional baxımdan yüklü olduğu halda, mediasiya daha qısa müddətdə nəticə əldə etməyə imkan yaradır. Bundan əlavə, tərəflər nəticəni özləri formalaşdırdıqları üçün əldə olunmuş razılaşmaya əməl etmək ehtimalı da daha yüksək olur. Bu, hüquqi həll yolu olmaqla yanaşı, həm də psixoloji rahatlıq təmin edir.
– Sonda qeyd edək ki, mediasiyanı cəmiyyətə düzgün anlatmaq niyə bu qədər vacibdir?
– Mediasiyanın effektivliyi birbaşa onun cəmiyyət tərəfindən düzgün anlaşılmasından asılıdır. Təəssüf ki, bəzən mediasiya məhkəmənin sadəcə bir alternativi kimi yanlış təqdim olunur və ya onun yalnız məcburi xarakter daşıdığı düşünülür. Halbuki mediasiya könüllü, tərəflərin azad iradəsinə əsaslanan hüquqi mexanizmdir. Düzgün maarifləndirmə həm hüquqi mədəniyyətin inkişafına, həm də cəmiyyətdəki mübahisələrin daha sivil yollarla həllinə böyük töhfə verir.
Ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti,
"İlqaroğlu" Business Center, II mərtəbə.
Tel.mob: (+994) 77 450.77.44, (+994) 77 450.77.44
E/ünvan: [email protected]
Şabran ofisi:
Ünvan: Şabran şəhəri, Zərifə Əliyev küç., (Şabran Məhkəməsinin qarşısı)
Tel.mob: (+994) 77 588.77.44




