BAKI,TurkicWorld
Azərbaycanın Hindistandakı Səfirliyində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.
Bu barədə TurkicWorld-ə Səfirlikdən məlumat verilib.
Tədbirdə Səfirliyin əməkdaşları və onların ailə üzvləri, Nyu-Dehlidə yaşayan və paytaxtda səfərdə olan edən həmvətənlərimiz iştirak ediblər.
Çıxış edən Azərbaycanın Hindistandakı səfiri Elçin Hüseynli Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə onun uzaqgörən siyasətinin tərkib hissəsi kimi təsis edilmiş bu əlamətdar günün dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan çox azərbaycanlıları birləşdirmək və təşkilatlandırmaq, onlarda milli birlik və həmrəylik ruhunu gücləndirmək məqsədi daşıdığını diqqətə çatdırıb.
Səfir bu bayramın böyük rəmzi məna kəsb etdiyini qeyd edib, yaşadıqları ölkədən asılı olmayaraq bütün soydaşlarımızın Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müstəqil, suveren və güclü Azərbaycan dövlətinin maraqlarının müdafiəsində, onun qədim tarixi ənənələri və zəngin mədəniyyətinin təbliğində fəal iştirak etməsinin vacibliyini vurğulayıb.
Tədbirdə, həmçinin, başa çatmaqda olan 2025-ci ilin Azərbaycanda Konstitusiya və Suverenlik İli kimi qeyd edildiyi bildirilib, ölkəmizin keçdiyi inkişaf yolu və şanlı Zəfər tariximizə aparan əsas hadisələr barədə danışılıb.







