Bakı, TurkicWorld
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Nicat Qocayev və Eyyub Fətəliyev ilə görüş keçirib.
TurkicWorld xəbər verir ki, görüşdə Mentorluq proqramına uyğun olaraq müsabiqə qaliblərinin təcrübə imkanlarını artırmaları üçün Nazirlikdə yaradılan şərait, onların liderlik potensiallarının inkişaf etdirilməsi məqsədilə aparılan işlərdən bəhs olunub.
Nazir mentilərin araşdırma layihələri ilə tanış olub, müvafiq mövzular ətrafında fikir mübadiləsi aparılıb. Qaliblərin təklifləri dinlənilib, layihələrlə bağlı müvafiq tövsiyələr verilib.
Müsabiqə qalibləri Mentorluq proqramı çərçivəsində bilik və təcrübələrini, bacarıqlarını artırmaları, həmçinin layihələri üzrə araşdırmaların aparılması üçün yaradılan şəraitdən razılıqlarını ifadə ediblər.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.






