Son dəqiqə

Kənd Təsərrüfatı Nazirliyi Yüksəliş müsabiqəsi Məcnun Məmmədov Mentorluq Proqramı Yüksəliş

Kənd təsərrüfatı naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

BAKI,TurkicWorld

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov Mentorluq Proqramı çərçivəsində V “Yüksəliş” müsabiqəsinin qalibləri İbrahim Məmmədov və İrşad Əsgərxanlı ilə növbəti görüşünü keçirib.

TurkicWorld xəbər verir ki, görüş zamanı qaliblərin fərdi inkişaf istiqamətləri, peşəkar hədəfləri, idarəetmə bacarıqlarının təkmilləşdirilməsi və gələcək karyera planları müzakirə olunub.

Görüşdə mentor tərəfindən qaliblərə praktiki tövsiyələr verilib, qarşıdakı dövrdə onların peşəkar və fərdi inkişafı üçün əsas istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin əsas məqsədlərindən biri idarəçilik potensialına malik şəxslərin müəyyənləşdirilməsi və onların peşəkar inkişafına dəstək göstərilməsidir.

Müsabiqənin qalibləri idarəçi rəhbərlər tərəfindən bir il müddətində fərdi inkişaf proqramı çərçivəsində mentorluq dəstəyi almaq, həmçinin özünüinkişaf məqsədləri üçün 20 min manat məbləğində pul mükafatı əldə etmək imkanı qazanırlar.

Sayca VI “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalayıb.

Mövzuya görə xəbərlər