Bakı,TurkicWorld
Azərbaycanda akvakultura üzrə illik istehsal həcminin mövcud 3400 tondan 2030-cu ilədək 7700 tona çatdırılması hədəflənir.
TurkicWorld-un tədbirdəki müxbiri xəbər verir ki, bu fikirləri cümə axşamı Bakıda keçirilən Birinci Azərbaycan Regional Akvakultura Forumunda kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
Nazir bildirib ki, bu artım daxili bazarın yerli məhsullarla təminatının yaxşılaşdırılmasına, idxaldan asılılığın azaldılmasına və ixrac imkanlarının genişləndirilməsinə xidmət edəcək.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" qarşıdakı dövrün əsas vəzifələrini müəyyənləşdirir.
"Proqram çərçivəsində balıqçılıq sahəsinin hüquqi bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, idarəetmə və nəzarət mexanizmlərinin rəqəmsallaşdırılması, balıq ehtiyatlarının mühafizəsi və balıqartırma təsərrüfatlarının müasirləşdirilməsi nəzərdə tutulur. Eyni zamanda, əlverişli istehsal zonalarının müəyyənləşdirilməsi, damazlıq potensialının gücləndirilməsi, akvakultura aqroparkının yaradılması, subsidiya və güzəşt mexanizmlərinin formalaşdırılması qarşıya məqsəd qoyulmuşdur", – deyə nazir qeyd edib.
M.Məmmədov vurğulayıb ki, balıqçılıq və akvakulturanın inkişafı ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, regionlarda məşğulluğun artırılması və sahibkarlığın inkişafı baxımından geniş imkanlar yaradır. Bu potensialın reallaşdırılması müasir texnologiyaların tətbiqini, elmi biliklərin istehsalata inteqrasiyasını və investisiyaların təşviqini tələb edir.
Nazir əlavə edib ki, Balıqçılıq və Akvakultura Mərkəzinin yaradılması sahənin vahid yanaşma əsasında inkişafı üçün zəruri institusional baza formalaşdırıb. Su bioresurslarının qorunması, balıq ehtiyatlarının bərpası və qeyri-qanuni ovun qarşısının alınması əsas fəaliyyət istiqamətlərindəndir.
"Hədəflərə nail olmaq üçün dövlət, özəl sektor və elmi ictimaiyyət arasında səmərəli əməkdaşlıq vacibdir. Kənd Təsərrüfatı Nazirliyi olaraq sahibkarların təşəbbüslərinin dəstəklənməsinə, investisiyaların təşviqinə, müasir texnologiyalara çıxışın genişləndirilməsinə və mövcud təsərrüfatların istehsal imkanlarının artırılmasına xüsusi önəm veririk", – deyə o bildirib.
M.Məmmədov istehsalın genişləndirilməsinin su ehtiyatlarından səmərəli istifadə, ekoloji tarazlığın qorunması, təbii balıq ehtiyatlarının bərpası və biomüxtəlifliyin mühafizəsi prinsiplərinə əsaslanmalı olduğunu vurğulayıb.
Nazir, həmçinin Xəzəryanı və qonşu ölkələrlə elmi tədqiqatlar, mütəxəssis hazırlığı və texnologiya mübadiləsi istiqamətlərində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.







