Son dəqiqə

Azərbaycan Çin Kənd Təsərrüfatı Nazirliyi anlaşma memorandumu Məcnun Məmmədov Pekin

Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalanıb

BAKI,TurkicWorld

Pekində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Çin Xalq Respublikasının Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi Çində səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Çinin kənd təsərrüfatı və kənd işləri naziri Can Cu imzalayıb.

Anlaşma Memorandumunda aqrar sahədə gələcək əməkdaşlığın istiqamətləri öz əksini tapıb. Sənəddə birgə investisiya layihələrinin həyata keçirilməsi, torpaq ehtiyatlarından səmərəli istifadə və texnologiyaların transferi, biznes subyektləri arasında əlaqələrin inkişaf etdirilməsi, eləcə də ixrac imkanları barədə məlumat mübadiləsi yolu ilə ticarət əlaqələrinin genişləndirilməsi öz əksini tapıb. Bununla yanaşı, Memorandum kənd təsərrüfatının rəqəmsallaşdırılması, kənd təsərrüfatı məhsullarının sığortalanması sahəsində təcrübə mübadiləsi, birgə tədqiqatların aparılması və potensialın artırılması istiqamətlərində əməkdaşlığı əhatə edir. Sənəddə nəzərdə tutulan tədbirlərin səmərəli icrasını təmin etmək məqsədilə Fəaliyyət Planının hazırlanması və icrasına nəzarətin həyata keçirilməsi üçün Birgə İşçi Qrupunun yaradılması da nəzərdə tutulur.

İmzalanmadan əvvəl keçirilən görüşdə nazirlər Azərbaycan Prezidenti İlham Əliyevin və ÇXR Sədri Si Cinpinin siyasi iradəsi və rəhbərliyi ilə iki ölkə münasibətlərinin dinamik inkişaf etdiyini qeyd ediblər. Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin aprelində Çinə dövlət səfəri zamanı aparılan danışıqlar nəticəsində qəbul olunan qərarlar, imzalanan sənədlər, xüsusilə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” Azərbaycan-Çin münasibətlərində daha bir yeni tarixi səhifə açıb. İki ölkənin qurumları dövlət başçılarının ikitərəfli münasibətlərin inkişafı ilə bağlı tapşırıqlarına uyğun olaraq müvafiq işlər görür. Bu konteksdə kənd təsərrüfatı sahəsində əməkdşalığın irəli aparılmasının hər iki ölkə üçün faydalı olacağına əminlik ifadə edilib.

Azərbaycan ilə Çinin dost və tərəfdaş dövlətlər olduğunu bildirən Çinin kənd təsərrüfatı və kənd işləri naziri Can Cu iki ölkənin kənd təsərrüfatının müxtəlif istiqamətləri, o cümlədən, pambıqçılıq, üzümçülük, şərabçılıq, müasir texnologiyalar və elmi-tədqiqatlar üzrə əməkdaşlığı genişləndirmək üçün böyük potensialın olduğunu vurğulayıb. O, Çinin Azərbaycanla kənd təsərrüfatı və emal olunmuş məhsullar üzrə ticarət dövriyyəsini artırmaq istədiyini, Azərbaycandan Çinə məhsul ixracının çoxalmasını təmin etmək məqsədilə Azərbaycan şirkətlərinin Çində keçirilən sərgi və yarmarkalarda daha fəal iştirakının əhəmiyyətli olduğunu vurğulayıb.

Mövzuya görə xəbərlər