Son dəqiqə

Kənd Təsərrüfatı Nazirliyi

Aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoyub

Bakı. TurkicWorld:

Kənd təsərrüfatı Azərbaycanın qeyri-neft sektorunun əsas sahələrindən biridir və hazırda keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub.

TurkicWorld-un tədbirdəki müxbiri xəbər verir ki, bunu Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov 1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə cümə günü Kənd Təsərrüfatı Nazirliyinin inzibati binasında keçirilən tədbirdə deyib.

O bildirib ki, ölkə rəhbərliyinin həyata keçirdiyi genişmiqyaslı islahatlar nəticəsində aqrar sektorun inkişafında mühüm irəliləyişlər əldə olunub: "Dövlətin kənd təsərrüfatına göstərdiyi diqqət və qayğı, tətbiq olunan güzəştlər və subsidiyalar, eləcə də müasir texnologiyaların təşviqi bu sahənin inkişafına mühüm töhfə verir".

Şöbə müdiri qeyd edib ki, aqrar sahədə əsas hədəflər səmərəliliyin artırılması, fermerlərin rəqabətqabiliyyətli məhsul istehsalına dəstəklənməsi və kənd yerlərinin sosial-iqtisadi inkişafının daha da yaxşılaşdırılmasıdır.

O vurğulayıb ki, 2026–2030-cu illər üçün kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair Dövlət Proqramında aqrar sektorun gələcək inkişafı ilə bağlı mühüm strateji hədəflər müəyyən edilib.

"Xüsusilə qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş ərazilərin zəngin aqrar potensialının iqtisadi dövriyyəyə cəlb edilməsi də bu Dövlət Proqramının uğurlu icrası ilə birbaşa bağlıdır", – deyə o bildirib.

L.Qasımov əlavə edib ki, proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi aqrar sektorun istehsal imkanlarının genişləndirilməsinə, kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılmasına və ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcək.

Mövzuya görə xəbərlər