Bakı, TurkicWorld
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təmsil olunduğu Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib.
TurkicWorld xəbər verir ki, iclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, AHİK-in Aparat rəhbəri Həsən Cəfərov, ASK-nın vitse-prezidenti Vüqar Zeynalov, Komissiyanın hər üç qurumdan olan üzvləri iştirak ediblər.
İclası giriş sözü ilə açan V.Zeynalov gündəlikdə duran məsələləri diqqətə çatdıraraq əmək qanunvericiliyinin təkmilləşdirilməsində Üçtərəfli Komissiya tərəfindən aparılan müzakirələrin rolunu qeyd edib.
İclasın gündəliyinə uyğun olaraq Nazirlər Kabineti, AHİK və ASK arasında 2023-2025-ci illər üçün bağlanmış Baş Kollektiv Saziş çərçivəsində görülmüş işlər və “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” layihəsi müzakirə olunub.
Beynəlxalq Əmək Təşkilatının 102 nömrəli “Sosial təminatın minimum normaları haqqında” Konvensiyasının, o cümlədən, 187 nömrəli “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” Konvensiyasının ratifikasiya imkanlarının araşdırılması üzrə işçi qrup tərəfindən görülmüş işlərdən bəhs olunub.
İclasda növbəti il üzrə Üçtərəfli Komissiyanın sədrliyinin Komissiyanın Əsasnaməsinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə keçirilməsinə dair yekdilliklə qərar qəbul edilib.







