BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Soydaşlarımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini müxtəlif tədbirlərlə anmaqda davam edirlər.
Diasporla İş üzrə Dövlət Komitəsindən TurkicWorld-a verilən məlumata görə, Türkiyədə Heydər Əliyevin adına İğdır Fənn Liseyində Ümummilli Liderin vəfatının 22-ci ildönümünə həsr olunan tədbir keçirilib.
Tədbir Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADEF), İğdır Azərbaycan Evi Dərnəyi və Heydər Əliyev Fənn Liseyinin birgə təşkilatçılığı ilə baş tutub. İğdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal və Heydər Əliyev Fənn Liseyinin direktoru Yavuz Bağcı tədbirdə çıxış ediblər. Onlar Ulu Öndər Heydər Əliyevin Türk dünyasındakı rolundan danışıblar. Ümummilli Liderin siyasi iradəsi və zəngin təcrübəsinin müstəqil və güclü Azərbaycan dövlətinin formalaşmasında həlledici rol oynadığını söyləyiblər. Azərbaycanın çətin dövrlərdən çıxaraq güclənməsinin Heydər Əliyevin bilik və uzaqgörənliyi sayəsində mümkün olduğu xatırladılıb. Prezident İlham Əliyevin bu siyasi xətti uğurla davam etdirdiyi bildirilib və 30 ilə yaxın işğal altında qalan Qarabağın azad edilməsi Azərbaycanın ən böyük nailiyyətlərindən biri kimi dəyərləndirilib. Məktəbin Heydər Əliyevin adını daşımasının qürur verici olduğu vurğulanıb. Liseyin şagirdləri Nursena Kurt tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan təqdimatla çıxış edib, Yiğit Yazkan isə Ümummilli Liderə ithaf olunan şeir səsləndirib.
Qırğızıstanın Bişkek şəhərində, həmçinin Dostluq və Novonikolaevka kəndlərində fəaliyyət göstərən həftəsonu Azərbaycan dili məktəblərində müasir Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan açıq dərslər keçirilib. Müəllimlər Ümummilli Liderin həyat yolu, dövlətçilik düşüncəsi, uzaqgörən siyasəti, müstəqil Azərbaycanın formalaşması və inkişafındakı müstəsna xidmətləri barədə ətraflı danışıblar. Ulu Öndərin milli kimliyin qorunması, mədəniyyət və təhsilin inkişafı, həmçinin ölkənin beynəlxalq nüfuzunun artırılmasındakı rolu xüsusi vurğulanıb. Həftəsonu məktəblərində bu cür tədbirlərin təşkili diaspor mühitində Azərbaycan dilinin və mədəniyyətinin qorunmasına, uşaqlarda tarixi Vətənə və onun görkəmli şəxsiyyətlərinə qarşı qürur hissinin formalaşmasına xidmət edir.
Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində fəaliyyət göstərən “Qafqaz arena” klubunun təşkilatçılığı ilə Gürcüstanın Saqareco rayonunun Qaraçöp mahalında isə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan kikboks turniri keçirilib. Turnirdə 150 yeniyetmə idmançı mübarizə aparıb. “Qafqaz arena” klubunun rəhbəri Yavər Məmmədov turnirin açılış mərasimində Ulu Öndərin idmanın inkişafına, gənclərə dəstəyindən danışıb, Gürcüstan azərbaycanlılarına daim diqqət və qayğı göstərdiyini qeyd edib. Eyni zamanda, rəhbərlik etdiyi klubun Azərbaycan, Gürcüstan və digər ölkələrdə idmanın inkişafına töhfə verdiyini, gənc idmançıların formalaşmasına dəstək məqsədilə müxtəlif yarış və çempionatlar keçirdiyini bildirib. Klubun fəaliyyətinin cüdo federasiyaları (Azərbaycan Cüdo Federasiyası) və yerli icra hakimiyyətləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirildiyini və əsas məqsədinin sağlam həyat tərzinin təşviqi olduğunu vurğulayıb. Turnirin sonunda fərqlənən idmançılara medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.






