BAKI,TurkicWorld
Məktəblərdə məzhəbçiliyin deyil, həyatda bizə lazım olan dini düşüncənin öyrədilməsi vacibdir.
TurkicWorld xəbər verir ki, bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov bu gün Bakıda Elm və Təhsil Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda konfransda bildirib.
Onun sözlərinə görə, dini düşüncədən heç kim imtina edə bilməz, əsas məsələ bu düşüncənin kim tərəfindən və necə öyrədilməsidir.
"Din xadimi də, din müəllimi də, dindar da cəmiyyət üçün nümunə olmalıdır. Cəmiyyətin hər bir üzvündə dini düşüncə formalaşdırılmalıdır. Bu gün Azərbaycan məktəblərində bu istiqamətdə sistemli iş aparılmalıdır. Nəticə etibarilə, kimliyindən asılı olmayaraq cəmiyyətin hər bir üzvündə dini düşüncə formalaşmalıdır.
Məktəblərdə məzhəbçiliyin deyil, həyatda bizə lazım olan dini düşüncənin öyrədilməsi vacibdir. Rüşvətxorluq və cinayətkarlıq halları çoxdursa, bunun səbəblərini dini düşüncə müstəvisində axtarmaq lazımdır. Bunu siyasi deyil, dini baxımdan deyirəm".







