Bakı, TurkicWorld
MÜSİAD Azərbaycan İctimai Birliyi və Türk Kızılayının ölkəmizdəki deleqasiyasının birgə təşkilatçılığı ilə MÜSİAD Azərbaycan dərnək mərkəzində Xocalı Anım Günü ilə əlaqədar qanvermə aksiyası keçirib.
TurkicWorld xəbər verir ki, bu barədə MÜSİAD Azərbaycan ictimai birliyi məlumat verib.
"Hər damla qan bir ümiddir" şüarı altında keçirilən qanvermə aksiyası Mərkəzi Qan Bankının dəstəyi ilə baş tutub.
Mərkəzi Qan Bankının mobil işçi qrupunun həkim-hemotoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb. MÜSİAD Azərbaycan üzvlərinin iştirak etdiyi aksiyaya 50-dən çox iş adamı və şirkət əməkdaşı qoşulub.
Qanvermə aksiyası hemofiliya və talassemiyadan əziyyət çəkən insanların qanla təminatına yardım məqsədi daşıyır. Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq. Xatırladaq ki, hazırda Azərbaycanda rəsmi qeydiyyatda olan 4900-dən artıq talassemiya və digər irsi qan xəstəliyindən əziyyət insanlar var.
Qanvermə aksiyasında MÜSİAD Azərbaycan İctimai Birliyi, iştirak edən üzvlərə və əməkdaşlara təşəkkürlərini bildirib.