Bakı. TurkicWorld:
Səudiyyə Ərəbistanının Məkkə şəhərində müqəddəs Həcc mövsümü başlayıb.
TurkicWorld xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə azərbaycanlı zəvvarların Həcc ziyarətində iştirakı təmin edilib.
Bu il Azərbaycana Həcc ziyarətinə görə 1500 nəfərlik kvota verilib. Azərbaycandan bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edib.
Həcc ziyarəti üçün Azərbaycandan zəvvarlar iyunun 4-dən 10-dək qruplarla mərhələli şəkildə Məkkəyə yola düşüblər.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Bəxtiyar Nəcəfov Trend-ə müsahibəsində bildirib ki, Həcc ziyarətinin qruplara müvafiq olaraq iyunun 29-dan iyulun 1-dək başa çatdırılması və Mədinə şəhərinin ziyarəti ilə yekunlaşdırılması nəzərdə tutulur.
B.Nəcəfovun açıqlamasına görə, iyunun 23-dən Azərbaycanın Həcc missiyası Məkkədən Mədinə şəhərinə transfer edəcək. Azərbaycanlı zəvvarların Mədinədə də 3 hoteldə yerləşdirilməsi nəzərdə tutulub. İyunun 26-dan zəvvar qruplarının sıra ardıcıllığı ilə ölkəmizə qayıdışı başlayacaq. Sonuncu zəvvar qrupu Mədinədən 1 iyulda Azərbaycana qayıdacaq.
Zəvvarlar ziyarət dövründə Həccin əməllərini mərhələlərlə yerinə yetirirlər. Zəvvarlara təyin edilmiş qrup rəhbərləri onlara bələdçilik etməklə bərabər, lazımi təlimatları verərək Həcc əməllərinin düzgün şəkildə yerinə yetirilməsinə nəzarət edirlər.
Bəxtiyar Nəcəfov bildirib ki, azərbaycanlı zəvvarlar təməttüh Həccinin Ümrə ziyarətini yerinə yetiriblər, 13 - 15 iyunda isə Həccin vacib əməllərinə başlanılacaq.
B.Nəcəfov onu da qeyd edib ki, azərbaycanlı zəvvarlar Məkkədə üç hotelə yerləşdiriliblər. Onların Həcc ayinlərini yerinə yetirmələri, bir məntəqədən digərinə hərəkət etmələri, müvafiq nəqliyyatlar ayrılması təmin edilir, həmçinin, zəvvarların səhhətlərin qaydasında olmasına da diqqət edilir. Bunun üçün azərbaycanlı zəvvarların olduğu hotellərdə həkim qrupları fəaliyyət göstərir.
QMİ-nin sədr müavininin sözlərinə görə, səhhətindən şikayəti olan zəvvarlar həmin həkimlərə müraciət edir və onlara ilkin tibbi yardım edilir. Lakin sağlıq durumunda ciddi problemi olan və ya səhhətinə görə ziyarətini dayandırmaq məcburiyyətində qalan zəvvar yoxdur.