Son dəqiqə

Özbəkistan Qafqaz Müsəlmanları İdarəsi Daşkənd Şavkat Mirziyoyev Türk Mədəniyyəti və İrsi Fondu Səmərqənd Aktotı Rayımkulova Termez İslam sivilizasiyası

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti I Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak edib

BAKI,TurkicWorld

7–11 iyul 2026-cı il tarixlərində Özbəkistan Respublikasının Daşkənd, Səmərqənd və Termez şəhərlərində “İslam sivilizasiyası: sülh, tolerantlıq və maarifçilik yolu” devizi altında I Beynəlxalq İslam Sivilizasiyası Forumu öz işinə başlayıb.

Forumun açılış mərasimində Özbəkistan Respublikası Prezidentinin müşaviri Xayriddin Sultanov Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevin Forum iştirakçılarına ünvanladığı salamlama müraciətini səsləndirib.

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğanın müraciətini Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini Kürşad Zorlu, Tatarıstan Respublikası Rəisinin müraciətini isə “Rusiya – İslam Dünyası” Strateji Baxış Qrupunun sədrinin müşaviri və Tatarıstan Respublikası Rəisinin xüsusi nümayəndəsi Farit Muxametşin çatdırıb.

Açılış mərasimində, həmçinin Özbəkistan Respublikası Prezidenti Administrasiyasının Dini və maarifçilik məsələləri üzrə şöbəsinin müdiri Muzaffar Kamilov, Özbəkistan Müsəlmanları İdarəsinin sədri və müfti Şeyx Nuriddin Xoliqnazar, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev, ICESCO-nun Baş direktoru Salim M. Al-Malik çıxış ediblər. Müsəlman Dünya Liqasının Baş katibi Məhəmməd bin Əbdülkərim əl-İsanın videomüraciəti təqdim olunub.

Forumda Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova da iştirak edib. Fondun prezidenti “Böyük keçmişin irsi – maariflənmiş gələcəyin təməli” mövzusuna həsr olunan IV plenar sessiyada çıxış edib.

Professor Aktotı Raimkulova çıxışında Özbəkistanda İslam Sivilizasiyası Mərkəzinin yaradılmasına və Forumun keçirilməsi təşəbbüsünə görə Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevə təşəkkürünü bildirib, ölkənin sivilizasiyalararası dialoqun mühüm mərkəzlərindən biri kimi rolunu vurğulayıb.

Fondun prezidenti İslam və Türk sivilizasiyalarının dünya mədəni irsinə verdiyi töhfələrdən bəhs edib, həmçinin Fondun fəaliyyəti, ICESCO və Özbəkistanda İslam Sivilizasiyası Mərkəzi ilə əməkdaşlığı barədə məlumat verib.

Çıxışının sonunda Aktotı Raimkulova İslam və Türk sivilizasiyalarının irsinin qorunması istiqamətində səylərin birləşdirilməsinin əhəmiyyətini vurğulayıb və əməkdaşlığa görə Forumun təşkilatçılarına təşəkkürünü bildirib.

Qeyd edək ki, Forum dünyanın müxtəlif ölkələrindən tanınmış alimləri, ekspertləri, beynəlxalq təşkilatların, aparıcı universitetlərin, elmi-tədqiqat mərkəzlərinin, muzeylərin və digər qurumların nümayəndələrini bir araya gətirib.

Mövzuya görə xəbərlər