Bakı. TurkicWorld:
Azərbaycanın Qırğızıstandakı səfirliyi 28 May – Müstəqillik Günü münasibətilə Bişkekdə rəsmi qəbul təşkil edib.
Səfirlikdən TurkicWorld-a bildiriblər ki, tədbirdə Qırğızıstanın dövlət və hökumət nümayəndələri, bu ölkədə akkreditə olunan diplomatik korpusun, ölkə ictimaiyyətinin, Azərbaycan və türk diasporunun təmsilçiləri iştirak ediblər.
Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev rəsmi qəbulda fəxri qonaq qismində iştirak edib.
Nazir Jeenbek Kulubayev tədbirdə çıxış edərək Azərbaycan xalqını milli bayram münasibətilə təbrik edib, ən xoş arzularını bildirib. Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin böyük tarixi olduğunu qeyd edən nazir hazırda ikitərəfli strateji əlaqələrin ölkələrimizin rəhbərlərinin dəstəyi ilə daha yüksək mərhələyə qalxdığını vurğulayıb. J.Kulubayev surətlə inkişaf edən Azərbaycanın güclü dövlətlərdən birinə çevrildiyini söyləyərək, Qırğızıstanın Azərbaycanın bu uğurlarına sevindiyini qeyd edib. O, Azərbaycanın COP29-a ev sahibliyi etməsinin tarixi hadisə olduğunu söyləyərək, ölkəmizə yeni uğurlar arzulayıb. İkitərəfli münasibətlərin son üç ildə yüksək inkişaf mərhələsinə keçdiyini bildirən nazir Qırğızıstan Prezidentinin bu ilin aprelində ölkəmizə dövlət səfərinin tarixi xarakter daşıdığını vurğulayıb, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də yaxından əməkdaşlıq etdiyini söyləyib.
Səfir Lətif Qəndilov çıxışında müsəlman şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik tarixində özünəməxsus yer tutduğunu vurğulayıb. Diplomat XX əsrin sonunda müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının ilk illərdə Ermənistan tərəfindən işğala, eyni təmizləmə siyasətinə məruz qaldığını qeyd edib. Bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi və 2023-cü ilin sentyabrında antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib.
Qeyd olunub ki, Qərb ilə Şərq arasında mühüm körpü rolu oynayan Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm irimiqyaslı layihələrə imza ataraq, dünyanın mühüm enerji və nəqliyyat mərkəzinə çevrilib. Bu amillər Azərbaycanda güclü iqtisadiyyat və ordunun yaradılmasına imkan verib.
Diplomat çıxışında Ermənistanın işğalı nəticəsində Azərbaycanın hazırda dünyada minalarla ən çox çirkləndirilmiş ölkələr sırasında yer aldığını vurğulayaraq, 2020-ci ilin noyabrından indiyədək 400-dən çox azərbaycanlının mina hadisələri nəticəsində həlak olduğunu qeyd edib. Bildirib ki, hazırda Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi istiqamətində fasiləsiz çalışır.
L.Qəndilov Azərbaycan ilə Ermənistan arasında sərhədlərin delimitasiyası istiqamətində əldə olunmuş irəliləyişləri diqqətə çatdıraraq bildirib ki, Azərbaycan həmişə Ulu Öndər Heydər Əliyevin “Sülh və dinc Qafqaz” təşəbbüsünə sadiqdir.
Azərbaycanın son 20 ildə mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən səfir ölkəmizin bu ilin noyabrında COP29-u təşkil etmək üçün ciddi hazırlaşdığını vurğulayıb.
Azərbaycan-Qırğızıstan münasibətlərə toxunan L.Qəndilov qardaş ölkənin dövlət başçısı Sadır Japarovun Azərbaycana dövlət səfərinə toxunaraq, bu səfər çərçivəsində əldə olunan razılaşmalar nəticəsində ölkələrimiz arasında mövcud münasibətlərin yeni mərhələyə yüksəldiyini qeyd edib.
Çıxışlardan sonra bədii hissə başlayıb.
Rəsmi qəbulun bədii hissəsində “Ləzginka” rəqs qrupunun ifasında Azərbaycan rəqsləri, Manas Universitetinin musiqiçilərinin ifasında “Çırpınırdın, Qara Dəniz” və digər milli mahnılar, simfonik kvintetin ifasında isə Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov və Tofiq Quliyevin musiqiləri səsləndirilib.