Son dəqiqə

Azərbaycan Texniki Universiteti (AzTU) Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi

Azərbaycan Texniki Universitetində “Novruz Festivalı” baş tutub

Bakı, TurkicWorld

Azərbaycan Texniki Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 18 mart tarixində “Novruz Festivalı” baş tutub.

Festivalda “Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyinin dəstəyi ilə valideyn himayəsindən məhrum uşaqların əl işlərindən ibarət sərgi keçirilib və zəhmətkeş analarımız tərəfindən qutablar hazırlanıb. Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevin çıxışı ilə festival başlayıb.

AzTU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Mirməhəmməd Ələkbərli və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Salmanlı festivalla bağlı tədbir iştirakçılarına ətraflı məlumat veriblər.

Kosa, Keçəl və Bahar qızın əyləncəli çıxışları, “Nağara şou” və rəqs ansablının çıxışı, müxtəlif fakültələrin tələbələri tərəfindən hazırlanmış xonçaların sərgilənməsi, gənclər tərəfində yumurtaboyama masterklası keçirilməsi, üzük falına baxılması ilə davam edib və festivalda əsl Novruz abu-havasını yansıdılıb. Festivalın tərəfdaşlarından olan “Coffee’Njoy” isə gənclər üçün ödənişsiz kofelər hədiyyə edib.

Azərbaycan Texniki Universitetinin tələbələrinin iştirakı ilə keçirilən festival konsert proqramı baş tutub. Konsert proqramının qonaqları isə tanınmış muğam ifaçısı, Azərbaycan Respublikasının xalq artisti və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Könül Xasıyeva, Azərbaycan Respublikası əməkdar artisti Firuzə İbadova, 2021 Avroviziya Mahnı Müsabiqəsinin təmsilçisi Samirə Əfəndi, “Səs Azərbaycan“ yarışmasının qalibi və 2022-ci ildə keçirilən Avroviziya Mahnı Müsabiqəsinin təmsilçisi Nadir Rüstəmli, azərbaycanlı reper və prodüser PRoMete, 2023-cü ildə baş tutan Avroviziya Mahnı Müsabiqəsinin təmsilçisi Tural və Turan Bağmanovlar, gənc müğənnilərinizdən Əli Faiq Mirzə, Shaxa Rza, İmran Dadaşov, Cavidan Fatehi və Nərgiz Məcidli , şuşalı gənc xanəndə Nuray Hacıyeva və DJ Bağırov olub.

Qeyd edək ki, TurkicWorld ilə “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi arasında rəsmi media tərəfdaşlığı 2024-cü ilin fevral ayının 15-də imzalanıb.

Məlumat üçün bildirək ki, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi 30 avqust 2012-ci ildən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb və yarandığı ilk gündən etibarən hər zaman gənclər siyasətinə dəstək olaraq, bu sahədə atılan addımlarda ön sıralarda yer alıb.

Birlik gənclərin vətənpərvərlik hisslərinin və dövlətçilik dəyərlərinin yüksəldilməsi məqsədilə gənclər sektorunda mühüm rol oynayan müxtəlif istiqamətlər üzrə çoxsaylı layihələr həyata keçirir.

Mövzuya görə xəbərlər