Son dəqiqə

PUA

PUA Akademiyası ordumuzun gücünə güc qatacaq

Bakı. TurkicWorld:

Azərbaycanda Pilotsuz Uçuş Aparatları (PUA) Akademiyasının yaradılması mühüm hadisədir.

Bunu TurkicWorldə açıqlamasında hərbi ekspert Azər Bayramov deyib.

O bildirib ki, dünyanın çox az ölkəsində bu tipli akademiya var.

"Bu Akademiyanın yaradılmasının bir çox üstünlükləri var. İkinci Qarabağ Müharibəsində və hazırda baş verən münaqişələrə baxdığımız zaman pilotsuz uçuş aparatlarının yeni nəsil müharibələrin gedişatında və təsir gücünün artdığını müşahidə edirik. PUA-lar yeni reallıqlar yaratmaqdadır. Bu reallıqları nəzərə alaraq Azərbaycan ordumuzun gücünə güc qatmaq üçün bu addımı atdı", - deyə o, əlavə edib.

Ekspert qeyd edib ki, bir çox dövlətlər xaricdən PUA-ları alır.

"Ancaq onun operatorlarının hazırlanması, eyni zamanda texniki servis xidmətinin aparılması ilə bağlı daima kənar ölkəyə müraciət edir. İlk növbədə bu böyük xərc və zaman tələb edir. Lakin ölkəmizdə bu prosesin həyata keçirilməsi bu sahədə ölkəmizə çox böyük üstünlüklər qazandıracaq. Gələcəkdə Akademiyada təkcə hərbi deyil, polis, xilasetmə işlərində də PUA-nın istifadəsi ilə bağlı peşəkar heyətin hazırlanmasını görə bilərik. Bununla yanaşı, minaların tapılması və zərərsizləşdirilməsi üçün də PUA-dan istifadə edə bilərik", - deyə o, vurğulayıb.

Mövzuya görə xəbərlər